Yeddi “oğul”…

ELAZ.İNFO xəbər verir ki, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə icra başçılarından dəmir barmaqlıqlar arxasına düşənlərin sayı artıq 7-ə çatdı.

Məşhur filmlərimizdən birində deyildiyi kimi, “yeddi oldular, bəy”.

Ancaq sayları gəlib müqəddəs rəqəmə çatsa da, onların həbsi isə, nə sirrdisə, yerdə qalanlarına heç cürə dərs olmur.

Vəzifəsini davam etdirən icra başçıları da gəlmiş-keçmiş bəzi nazirlər kimi, universitet rektorları kimi, AMEA prezidentləri kimi yalnız öz şəxsi sərvətlərini artırmaqla məşğul olurlar.

Hansını da həbs edirsən, ertəsi günü onun mal-mülkünün, xalqdan və dövlətdən talayıb-topladığı haram sərvətinin başgicəlləndirici siyahısı ortaya çıxır.

Bu da o deməkdir ki, harınlamış məmurların həbsi heçnəyi dəyişmir.

Müsbət dəyişikliyin olması üçün isə irili-xırdalı bütün vəzifələrə təsadüfi kadrları yox, ilk növbədə güclü milli ruhu olan və dövlətçiliyin dəyərini bilən vətənpərvər insanları, idealist azərbaycanlıları təyin etmək lazımdır.

İkinci addım kimi isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işi gücləndirilməli və bu quruma tam müstəqillik və geniş səlahiyyətlər verilməlidir. Bu komissiya sözdə yox, əməli olaraq rüşvətə, korrupsiyaya, talançılığa qarşı barışmaz mübarizə aparmalıdır.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights