-Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22-23)
Bizim keçmiş və gələcək olaraq adlandırdığımız hadisə və məlumatların hamısı, Allah qatında gizli saxlanılan qeyb xəbərləridir. Allah istədiyi zaman istədiyi insanın yaddaşına bu xəbərlərdən bəzilərini verərək, qeybin bir qisimini bilinən hala gətirir. Və beləliklə, müşahidə edilə bilən, yəni görülə bilən, şahid olunmuş hala gələn bu hadisələr, insanlar tərəfindən keçmiş olaraq xarakterizə edilir.
Keçmiş və gələcəyin gerçəkdə Allah qatında yaradılmış və yaşanmış olaraq gizli və hazır hadisələr olması bizə çox əhəmiyyətli gerçəyi göstərir. Hər insan qeyri-şərtsiz öz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə, eləcə də gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə vaxt, harada, nə yemək yeyəcəyi, kiminlə nə danışacağı, nə qədər pul qazanacağı, hansı xəstəliklərə tutulacağı, eləcə də nə vaxt, necə, harada öləcəyi hamısı müəyyəndir və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah qatında, Allahın elmində yaşanmış şəkildə var. Yalnız bunların məlumatı hələ bizim yaddaşımızda yoxdur.
Bu səbəbdən başlarına gələn hadisələrə kədərlənən, əsəbiləşən, qışqırıb çağıranlar, gələcəyi üçün narahat olanlar, hirslənənlər əslində özlərini boş yerə üzürlər. Çünki, necə olacağından narahat olduqları və qorxu duyduqları gələcəkləri onsuzda yaşanmışdır. Və hər nə etsələr də bunları dəyişdirmə imkanları yoxdur.
Bu gerçəyin bilinməsi, qədər (tale, alın yazısı) mövzusunun qavranması üçün çox əhəmiyyətlidir. Çünki qədər, Allahın keçmiş və gələcək hesab olunan bütün hadisələri “bir an” içində yaratmasıdır. Bu da, Allah qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin yaşanması və bitməsi deməkdir. İnsanların çoxu, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini, Allah qatında keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin həqiqətini heç cür qavraya bilmirlər. Halbuki “yaşanmamış hadisələr” bizim prizmadan baxdıqda yaşanmamış hadisələrdir. Çünki biz Allahın yaratdığı zamana bağlı olaraq həyatımızı davam etdiririk və yaddaşımıza verilən məlumatlar olmadan heç bir şey bilmirik. Allah, dünyadakı imtahan mühitinin nəticəsi olaraq “gələcək” olaraq adlandırdığımız hadisələri yaddaşımıza vermədiyi üçün, gələcəkdə nə olacağını da bilmirik. Allah isə zamana və məkana bağlı deyil, onsuz da bunların hamısını yoxdan yaradan Özüdür. Bu səbəblə Allah üçün keçmiş, gələcək və hal-hazırkı anın hamısı birdir və hamısı baş verib qurtarmışdır. Allah bir hadisənin sonunu görmək üçün gözləməz. Onsuzda bir hadisənin əvvəli də sonu da Onun qatında tək bir anda yaşanır. Məsələn, Fironun sonunun necə olduğunu Allah hələ Hz.Musanı Firona göndərmədən, Hz.Musa hələ doğulmadan, hətta Misir dövləti daha qurulmadan əvvəl bilir və bütün bu hadisələr Fironun sonu ilə birlikdə Allah qatında tək bir an olaraq yaşanmışdır. Bundan əlavə Allah üçün keçmişi xatırlama deyilən bir şey də yoxdur. Keçmiş və gələcək hazır olaraq Allahın daim “qarşısındadır”, hamısı eyni anda mövcuddur. Bu günə qədər yaradılmış və bu gündən sonra da yaradılacaq bütün insanların dünya və axirətdəki həyatları, hər anları ilə Allahın qatında hazırdır və yaşanmışdır. Allahın sonsuz “hifzi”ndə (hafizəsində, elmində) milyardlarla insanla yanaşı bütün canlıların, planetlərin, bitkilərin, əşyaların qədərində yazılı hadisələr də heç zaman azalmadan və ya itmədən vardır.
Bu səbəbdən insanların keçmişi, indiki zamanı və gələcəyi Allah dərgahında əvvəlcədən müəyyənləşdirilmiş bir yazıdır. Allah bizə bunu Quranda alın yazısı kimi bildirmişdir. İnsan heç bir halda həmin alın yazısından kənara çıxa bilməz. Qısası, insanın gələcəyi yalnız Allahın müəyyən etdiyi şəkildə olur. Buna görə də Allah insanlara qeyb haqqında bir təxmin və ya iddia irəli sürərkən qəti danışmamağı əmr etmişdir. Çünki insan nəyi iddia edirsə-etsin, nəticədə yenə də Allahın dilədiyindən kənar heç bir şey baş verməyəcəkdir. Bu səbəbdən müsəlmanar qeyblə bağlı yalnız Allahın dilədiklərinin baş verəcəyinə iman gətirdikləri üçün hətta bir dəqiqə sonra nə olacağına dair əsla qəti şəkildə danışmaz və öz sözlərini mütləq Allahın istəməsi mənasına gələn «İnşəAllah» deyərək bitirirlər:
«Heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm!» – demə! Ancaq: «İnşəAllah (əgər Allah istəsə) deyəcəyəm!» – de…» («Kəhf» -23-24).
Mənzər AĞAYEVA
İlahiyyatçı