ELAZ.İNFO xəbər verir ki, Bakıda, Xətai MKS-də tanınmış yazıçı-publisist Hacı Qəni Camalzadə ilə növbəti görüş keçirilib
İyunun 19-da Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsinin veteranı Hacı Qəni Camalzadə ilə növbəti görüş keçirilib.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin dəstək verdiyi silsilə ədəbi-mədəni tədbirdə AYB-nın üzvi şair, jurnalist Şahin Həmidi, YYSİB sədri, AYB-nin üzvü, yazıçı, publisist Aydın Xan Əbilov, QHT sədri, ictimai lider, ilahiyyatçı Hacı Rahim İsmayılov, AYB-nin üzvü, şair, publisist “Yurd” jurnalının əməkdaşı Babulla Hüseynzadə və digər nüfuzlu qonaqlar iştirak edib.
Əsasən kitabxanaçıların və oxucuların iştirak etdiyi müzakirəxarakterli ədəbi tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, müxtəlif tarixi romanların və çoxsaylı hekayələrin müəllifi Hacı Qəni Camalzadə özünəməxsus yazı üslubu, xüsusi dəsti-xətti ilə seçilir və real həyat həqiqətlərinə söykənən maraqlı əsərləri ilə oxucularının xüsusi rəğbətini qazanıb, ölkəmizdə və xaricdə 10-dan çox kitabı nəşr olunub, 15 cildliyi hazırlanıb.
Söz verilən çağdaş ədəbiyyatımızın görkəmli və məhsuldar nümayəndəsi Hacı Qəni Camalzadə özünün maraqlaı çıxışında yaradıcılıq planlarından danışıb, yazmaq istədiyi yeni əsərləri haqqında məlumat verib və ona ünvanlanan sualları cavablandırıb. Sonra yazıçı və romanistin həyat və yaradıcılığı haqqında geniş videoçarx nümayiş olunub.
Məclis iştirakçılarından – Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair Şahin Həmidli, QHT sədri, ictimai lider, ilahiyyatçı Hacı Rahim İsmayılov və başqaları yazıçının şəxsi keyfiyyətləri, qələmə aldığı romanları, bu əsərlərdə cəmiyyətə çatdırmaq istəyi mesajlar haqqında danışıblar. Qeyd ediblər ki, yazıçı real həyat həqiqətlərinə söykənən maraqlı əsərləri ilə oxucularının xüsusi rəğbətini qazanıb.
Sonda xatirə şəkilləri çəkilib, kitabxanaya kitablar hədiyyə olunub.
Aydın XAN