Şər qonşularımızın sayı getdikcə azala bilərmi?
“Coğrafiya taledir” aksiomunun altında, arxasında doğrudan da çox böyük həqiqət gizlənir.
Bizim yeddi qonşumuz var: Türkiyə, Türkmənistan, Qazaxıstan, Gürcüstan, Ermənistan, Rusiya və İran.
Bu qonşulardan üçü dəhşətli dərəcədə toksik idi, daimi şər mənbəyi idi. Söhbət Ermənistan, Rusiya və İrandan gedir.
Lakin indi bu üçlüyün sıraları, sayları biraz seyrəlib. Belə ki, Ermənistan dövləti artıq toksik qonşu olmaq ənənəsindən uzaqlaşmaq və həm Azərbaycan, həm də Türkiyə ilə normal qonşuluq münasibətləri qurmaq yolunu seçib. Bunu Ermənistan hökumətinin bugünlərdə sərhəd keçid möhürlərindən Türkiyə ərazisində yerləşən Ağrı dağının təsvirini çıxarmaq barədə qərar qəbul etməsi faktı da təsdiqləyir.
Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı növbəti paylaşımını şərh edərkən Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləməsi də bu qonşumuzun gerçəkdən də normallaşmağa üz tutduğunu göstərir.
Lakin çox təəssüf ki, eyni sözləri Rusiya və İranın haqqında isə söyləmək mümkün deyil. Bu iki qonşumuz öz köhnə amplualarında qalmağa davam edirlər. Cənubi Qafqazın (xüsusən də Azərbaycanın) başına bütün müsibətlər, faciələr də (müharibə, terror, soyqırımları, cürbəcür təxribatlar) həmişə məhz Rusiya və iranın “dirijor”luğu ilə gəlib, gətirilib.
Lakin biz indi elə etməliyik ki, şər qonşularımızın sayı getdikcə daha da azalsın.
Necə?
Nə cür?
Hansı yolla?
Bunun üçün yaxın vədəli taktikaları və uzunmüddətli strategiyaları işə salmalıyıq.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi