Osmanlı İmperiyası dağıldıqdan sonra və onun yerində Türkiyə Respublikası yaradıldığı zaman böyük Mustafa Kamal Atatürk Osmanlı dövlətinin məmur və çinovniklərini dövlətin və iqtisadiyyatın idarə olunmasından uzaqlaşdırdı və onları gənclərlə əvəz etdi. Nə üçün biz belə etməyək?! Axı sovet dövrünün “yetirmələri” olan yaşlı nəslin “səriştəli kadrları” istəsələr də öz köhnə təfəkkürlərini dəyişdirə bilməyəcəklər və bu mümkün deyil!
Məhz bu səbəbdən də korrupsiya, klançılıq (tayfabazlıq), talançılıq və s. kimi sovet “tərbiyəsi” yaşayır və qanunların fəaliyyətsizliyi şəraitində getdikcə də coşub-daşır. Əgər bu gün deputatlarımızın və mənsəb kürsüsü sahiblərinin 80-90 faizinin 50-80 yaşlılar olduğunu bəyan etsək “getdiyimiz” yolun fəlakətli olduğunu dərk edərik!
Bu fəlakətdən qaçmağın yeganə yolu, bizi bu yolla aparanların təcili olaraq dəyişdirilməsi ola bilər! Yəni, bütün dövlət məmurları və dövlət müəssisələrinin rəhbərləri öz vəzifələrindən götürülməli və 22-32 yaşlı gənclərlə – mütərəqqi fikirli mütəxəssislərlə – əvəz olunmalıdırlar. Əlbəttə, mənəviyyatı və təfəkkürü təmiz olan belə gənclər xüsusi təlimatlarla, milli mərama və milli ideologiyaya xidmətə yönəldilmiş fəaliyyətləri ilə milli dövlətçiliyimizi və milli varlığımızı qoruyub saxlaya bilərlər.
Ağasəf İMRAN
İqtisadçı alim