Salyan şəhərinin mərkəzində, “köhnə bazar” kimi tanınan Tale Davudzadə və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən, yaşı 100 ildən çox olan məscid binası uzun illərdir baxımsız vəziyyətdədir. Bu hal həm yerli sakinləri həm də tarixçiləri narahat edir.
Yerli sakinlərin, eləcə də tarixçilərin ELAZ.İNFO-ya verdikləri məlumata görə, 1914-cü ildə Salyanın zəngin tacirlərindən olan Hacı Səməd Ələkbərov tərəfindən inşa edilən məscid təxminən 400 nəfərin ibadəti üçün nəzərdə tutulub. Möminlər burada bolşevik işğalına qədər ibadətlə məşğul olublar. Burada dini təhsili olan və xalq arasında “ruhani” adı ilə tanınan Molla Məhəmməd uzun müddət dərs deyib.
“Tarixi mənbələr göstərir ki, 1920-ci ilə qədər bu bina məscid kimi fəaliyyət göstərib. Sonradan binadan müxtəlif məqsədlər üçün istifadə olunub.
İkinci Dünya müharibəsi illərində avtomobil təmiri emalatxanası, sonralar isə bazar anbarı kimi müxtəlif təyinatlarla istifadə olunan yerli əhəmiyyətli tarixi bina uzun müddətdir qəzalı vəziyyətdədir. Məscidin minarəsi 24 metr hündürlüyündə olub. Minarə zamanla sökülərək təxminən 12 metrə qədər endirilib. Qırmızı kərpicdən inşa edilmiş binanın divarları eroziyaya məruz qalıb, otaqların qapı və pəncərələri ya çıxarılıb, ya da kilidlənib. Daha acınacaqlısı odur ki, tikilinin bəzi otaqları sakinlər tərəfindən ayaqyolu və zibil yığılan yer kimi istifadə olunur.
Məscid binasının bu vəziyyətə düşməsi həm şəhər ictimaiyyəti, həm də sakinlər arasında ciddi narahatlıq doğurur.
Tarixçilər və sakinlər ümüd edirlər ki, aidiyyəti üzrə bu işlə ciddi maraqlanıb, Azərbaycanımızın gözəl guşəsi olan Salyanın tarixi abidəsinin bərpasında köməklik göstərəcəklər.


Ruslan MƏMMƏDOV
