Yaşamaq nəfəs almaq deyil, ruhun sönməməsidir

Həyat, bizə verilən ən böyük nemətdir. Ancaq çox zaman bu nemətin dəyərini yalnız itirdikdən sonra anlayırıq. İnsan adətən gözünü zirvəyə dikir, amma ayaqlarının altındakı torpağın dəyərini unudur. Halbuki həyatın böyüklüyü ucalıqlarda deyil, sadəliyin içində gizlidir. Gözəl bir söz var: “İnsanı var-dövlət deyil, dəyərləri ucaldar.” Dünya insanı sınamaq üçün qurulmuş bir meydandır. Bəzən səni yıxar, bəzən qaldırar. Amma hər bir zərbə, hər bir ağrı səni bir az da kamilləşdirər. İnsan ağrılardan doğulur, çətinliklərdən formalaşır. Həyatda qazandığın ən böyük sərvət səni sındıra bilməyən sınaqlardır.

Bu dünyada ən çətin mübarizə insanın özü ilə apardığı mübarizədir. Qorxularını, zəifliklərini, bəzən də vicdanını məğlub etmək asan deyil. Lakin məhz bu mübarizədən qalib çıxanlar tarix yazır. Unutma, səni başqalarının nə dediyi deyil, sənin necə dayandığın müəyyənləşdirir. Həyat çox qısadır, amma hər saniyəsi bir seçimdir. Kiminsə xətrinə dəyməyi, kiminsə qəlbini almağı, kiməsə kömək etməyi sən seçirsən. Və bu seçimlər sənin kim olduğunu formalaşdırır. Bəzən bir söz insanı ömürlük yaralayar, bəzən bir baxış onu həyata qaytarar. Bu səbəbdən, insan hər addımında məsuliyyət daşıyır, təkcə öz taleyinə deyil, başqalarının da taleyinə toxunur. Əsl böyüklük təkbaşına zirvəyə qalxmaq deyil, o zirvəyə qalxarkən kiminsə əlindən tutmaqdır. Əsl zənginlik cibindəki pulla ölçülmür, ürəyindəki mərhəmətlə ölçülür.

Bütün bunların sonunda bir həqiqət qalır, həyat sənə verdikləri ilə deyil, səndən aldıqları ilə səni formalaşdırır. Amma nə olursa-olsun, insan o itkilərin içindən də yenidən doğulmağı bacarmalıdır. Çünki yaşamaq nəfəs almaq deyil, ruhun sönməməsidir.

Həyat sənə nə qədər çətinliklər gətirsə də, sən içindəki insanı itirmə.

Zəfər qələbədə deyil, səbrdədir.

Ucalıq varlıqda və vəzifədə deyil, vicdandadır.

Dəyərlərini qoruyaraq yaşa, çünki onlar sənin kim olduğunu müəyyənləşdirir.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights