Qax rayonunda ictimaiyyətin və ağsaqqalların birgə razılığı ilə yas mərasimlərinin keçirilməsində köklü dəyişiklik edilib. Mart ayından etibarən rayonda yas məclislərinin təşkili zamanı artıq geniş yemək süfrələrinin açılmasına icazə verilməyəcək.
ELAZ.İNFO xəbər verir ki, bu qərar vətəndaşların büdcəsinə düşən ağır yükün azaldılması və dini ayinlərin israfçılığa yol verilmədən icra edilməsi məqsədilə qəbul olunub. Rayon mərkəzi və kəndləri əhatə edəcək yeni qaydalara əsasən, Ehsan süfrələri yığışdırılır: İsti yeməklərin və geniş çeşidli ehsan süfrələrinin verilməsi tamamilə ləğv edilir. Mərasimlərdə yalnız çay, qənd və xurmadan ibarət sadə çay süfrəsinin təşkili tövsiyə olunur. Qərar rayonun həm şəhər mərkəzində, həm də bütün kənd icmalarında eyni dərəcədə tətbiq ediləcək.
Bu təşəbbüsün əsas hədəfi yas sahibi olan ailələrin maddi çətinliyə düşməsinin qarşısını almaqdır. Tez-tez rast gəlinən “ehsan yarışı” və israfçılıq halları həm dini, həm də mənəvi baxımdan tənqid olunurdu. Yeni qayda imkanlı və imkansız ailələr arasındakı fərqi aradan qaldıraraq, yas mərasimlərinin mahiyyətini qorumağa xidmət edəcək. Rayon sakinlərinin böyük əksəriyyəti bu addımı müsbət qarşılayıb. Ağsaqqallar şurası və din xadimləri qeyd edirlər ki, ehsanın əsl mənası yemək paylamaq deyil, ehtiyacı olanlara kömək etmək və mərhumun ruhuna dua oxumaqdır.
Ruslan MƏMMƏDOV