Yardımlıda qədim yaşayış məskəni aşkarlanıb

Yardımlıda qədim yaşayış məskəni aşkarlanıb – Mədəniyyət naziri ərazidə aparılan qazıntılarla tanış olub

ELAZ.İNFO – Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Yardımlı rayonunun Urakəran kəndi yaxınlığında yerləşən və son dövrlərdə aşkar edilən antik dövr yaşayış məskənində aparılan arxeoloji tədqiqatlarla tanış olub.

Səfər çərçivəsində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, tarixçi-alim Həsən Həsənov və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev görülən işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, yaşayış məskəninin yaxınlığında yerləşən Bilgə nekropolunda aparılan qazıntılar zamanı meqalit örtüklü daş qutu qəbirlər, küp qəbirlər və torpaq qəbirləri üzə çıxarılıb.

Araşdırmalara əsasən, bir hektardan artıq sahəni əhatə edən nekropol eramızdan əvvəl III əsrdən eramızın III əsrinə qədər olan dövrə aid edilir. Mütəxəssislər hesab edirlər ki, bu tapıntılar bölgənin qədim tarixi və yaşayış mədəniyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qazıntılar zamanı Bilgə nekropolundan təxminən 250 metr cənub-qərbdə yerləşən yeni yaşayış yerində də iri tikili qalıqları müəyyən olunub. Alimlər bu tikililərin plan quruluşunu tam müəyyənləşdirmək üçün tədqiqatların növbəti illərdə daha geniş miqyasda və müasir texnologiyaların tətbiqi ilə davam etdirilməsini planlaşdırırlar.

Arxeoloji ekspedisiya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə Azərbaycan–Amerika birgə elmi qrupu tərəfindən həyata keçirilir. ABŞ tərəfini isə Los-Anceles Kaliforniya Universitetinin professoru Lara Fabian təmsil edir.

Layihənin əsas məqsədi Atropatena dövrünə aid yaşayış məskənlərini və qəbir abidələrini araşdırmaq, dağlıq ərazilərdə qədim şəhərləşmə prosesini, insanların həyat tərzini, eləcə də regionlararası iqtisadi və mədəni əlaqələri arxeoloji faktlar əsasında öyrənməkdir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın