Yaponiya Baş naziri fikrini dəyişdi: Sanae Takaiti istefadan imtina edir?

ELAZ.İNFO xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaiti seçicilər qarşısında çıxışı zamanı gözlənilməz bəyanatla çıxış edib. O, əvvəllər verdiyi “əgər hakim koalisiya parlamentdə çoxluq əldə etməsə, istefa verəcəyəm” vədindən geri çəkildiyini elan edib.

Fukusima prefekturasında seçicilər qarşısında çıxış edən Takaiti bildirib: “Mən söz vermişdim ki, əgər LDP (Liberal Demokrat Partiyası) və “Yaponiya Yenilənmə Cəmiyyəti” çoxluq qazanmasa, baş nazir postundan gedəcəyəm. Lakin mənə işimi davam etdirməyə icazə verin”. O, baş nazir postuna gəlmək üçün keçdiyi çətin yolu xatırladaraq, digər partiyaların dəstəyini qazanmaq üçün çox çalışdığını vurğulayıb və tərəfdarlarını hakim bloku dəstəkləməyə çağırıb.

Yaponiyada fevralın 8-nə təyin edilmiş aşağı palataya seçkilər üzrə kampaniya yanvarın 27-də başlayıb. Bu kampaniya ölkənin müharibədən sonrakı tarixində ən qısa müddətli (cəmi 16 gün) seçki marafonu kimi qeyd olunur. Mütəxəssislər hesab edirlər ki, bu qısa müddət hazırda populyarlığının zirvəsində olan Takaiti hökumətinə üstünlük verir.

Görünən odur ki, Takaiti öz şəxsi nüfuzundan istifadə edərək hakim partiyanın parlamentdəki mövqeyini möhkəmləndirmək niyyətindədir. Hazırda hakim koalisiya aşağı palatada cəmi 233 yerlə minimal çoxluğa sahibdir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights