Yapon Alimləri Genetik Deqradasiyanın Səbəbini Tapdılar

ElAZ.İNFO xəbər verir ki, Yaponiyanın Yamanasi Universitetinin molekulyar bioloqları professor Teruhiko Vakayamanın rəhbərliyi altında 20 illik unikal təcrübəni yekunlaşdırıblar. Tədqiqat nəticəsində məlum olub ki, eyni canlının ardıcıl klonlaşdırılması genomun strukturunun sürətlə sıradan çıxmasına və ölümcül mutasiyaların toplanmasına səbəb olur.

Alimlər 2005-ci ilin yanvarından etibarən eyni siçan üzərində ardıcıl klonlaşdırma silsiləsi aparıblar. Təcrübənin gedişatı heyrətamiz nəticələr ortaya qoyub: Klonlar orijinal siçanla tam eyni xüsusiyyətlərə malik olub. Klonlaşdırmanın uğur göstəricisi cəmi 0,6%-ə düşüb, heyvanlar tamamilə sonsuzlaşıb və həyat qabiliyyətini itirib. Bu mərhələdə doğulan bütün siçanlar həyatlarının ilk günündə tələf olublar. Bu, genetik “ölüm nöqtəsi” hesab edilərək təcrübə dayandırılıb.

Tədqiqat göstərir ki, məməlilərdə cinsi çoxalma zamanı DNT xüsusi şəkildə “yenidən proqramlaşdırılır” və epigenetik xətalardan təmizlənir. Klonlaşdırma zamanı isə bu “təmizlənmə” baş vermir. Nəticədə hər yeni klon özündən əvvəlkinin genetik qüsurlarını miras alır və bu zəncirvari xətalar toplumu canlını məhvə aparır.

Heyvandarlıq və Qida Sənayesi Üçün Xəbərdarlıq

Bu kəşf elmi dairələrdə klonlaşdırma texnologiyasının ət istehsalında, nəsli kəsilmiş heyvanların bərpasında və iqtisadi məqsədlərlə istifadə olunması ətrafındakı müzakirələrə son qoya bilər. Alimlər sübut ediblər ki, klonlaşdırma uzunmüddətli perspektivdə heyvanların bioloji keyfiyyətini və davamlılığını təmin edə bilməz.

Maraqlıdır ki, son nəsil klonların bir-biri ilə təbii yolla cütləşməsi nəticəsində doğulan balalarda həyat qabiliyyəti yenidən yüksəlib. Bu, təbiətin genomu təmizləmək üçün yaratdığı cinsi çoxalma mexanizminin nə qədər mükəmməl olduğunu bir daha təsdiqləyir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights