ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə hərbi qarşıdurma yeni mərhələyə qədəm qoyur. İraqdakı şiə silahlı qruplaşmalarını birləşdirən “İraq İslami Müqaviməti” ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 tipli yanacaqdoldurma təyyarəsini vurduğunu bəyan edib.
Radikal qruplaşmanın “Telegram” kanalı vasitəsilə yaydığı bəyanatda hadisənin İraqın qərbində baş verdiyi bildirilir: “Ölkəmizin suverenliyini və hava məkanını qorumaq məqsədilə ABŞ-ın KC-135 təyyarəsi tərəfdarlarımız tərəfindən vurulub”. Silahlı birləşmə təyyarənin hansı üsulla vurulduğunu açıqlamasa da, bunun üçün “müvafiq silahdan” istifadə edildiyini qeyd edib.
Bu hadisə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Vaşinqtonun bölgədəki bazalarına və hərbi aktivlərinə qarşı artan hücumların bir hissəsi kimi qiymətləndirilir. İndiyədək ABŞ tərəfi təyyarənin vurulması ilə bağlı rəsmi məlumat təsdiqləməyib. Ekspertlər hesab edir ki, havada yanacaqdoldurma təyyarələrinin hədəf alınması ABŞ-ın bölgədəki aviasiya imkanlarına ciddi zərbə vura bilər.
Ruslan MƏMMƏDOV