Ruslar deyir ki, qırğızlar tarix dərsliklərini, yəni öz tarixlərini, onların istədiyi kimi yazmasalar, o ölkədən miqrant qəbulu dayandırılmalıdır. Bu ilkin şərtdir, sonra ayrı şeylər də fikirləşib tapacaqlar. Zatulinlə Mironov ölməyib ki!
Bizə də, başqa türklərə də tarix dərslikləri və rus dili ilə bağlı müyyən şərtlər qoymağa çalışırlar. Ancaq İlham Əliyevin prinsipial mövqeyi onları hələlik çəkindirir. Onlar bu müqaviməti sındırmaq, türk birliyinin möhkəmlənməsinə mane olmaq üçün gecə-gündüz baş sındırırlar. Onlar hər an bu məsələ ilə məşğuldurlar. Çünki bu məsələni özləri üçün səhv olaraq, ölüm-dirim məsələsi kimi qiymətləndirirlər. Onlar deyir ki Rusiya yalnız imperiya kimi mövcud ola bilər. Əks arqument olaraq, ölkələrində son 30 ilin bütün baxımlardan dəhşətli tənəzzülünü ortaya qoyurlar. Həqiqətən, vəziyyətləri ürəkaçan deyil. Bu yandan da Ukrayna ilə müharibə ölkəni tamam çökdürüb.
Bu gün onların Azərbaycana və digər türk respublikalarına hərbi müdaxilə imkanları yoxdur. Olsa, bəlkə də bir an belə düşünmədən basarlar. Onlar zərbənin dəqiq yerini hazırlamaqla məşğuldurlar. Elə bir zərbə ki, o, rəqibləri təzədən Rusiyanın altına yıxılmağa məcbur etsin. Məlum məsələdir ki, burada birinci ünvan Türkiyə, ikinci Azərbaycan, üçüncü isə liderlərdir. Onlar tam dağılmamaq, məhv olmamaq üçün bu təcavüzkar addımlarını daim gündəmdə saxlayaraq ona haqq qazandırmağa cəhd edirlər.
Yalnız Böyük Türk Birliyi bu aqressiyanın qarşısını birdəfəlik ala bilər. Əslində, türkdilli imperiyanın gələcək paytaxtlarından biri də Moskva ola bilər. Ruslar tarixin səhifəsində qalmaq istəyirlərsə, günü bu gün türk dilini ikinci dövlət dili elan edib, milli respublikalara həqiqi federalizm azadlığı verməlidirlər. Əks halda onların xilası çətin olacaq.
Səfər ALIŞARLI