Şəhərin ortasında bir dəstə adam çiyinlərində bir tabut aparırdı. Onlar yerlərini bir-bir dəyişir, bir-birlərini əvəz edir və əsasən də eyni adamlardan ibarət idilər. Bu adamlar tubutu hara aparır, harada basdıracaqdılar, heç kim bilmirdi. Ətrafda adam dolu olsa da, maşınlar elədən-elə, belədən-belə keçsə də, heç kim onlara əhəmiyyət vermirdi. Bununla belə, adamların sayı hiss olunmadan artırdı. Az sonra məlum oldu ki, tabutdakı məxluqu sevənlərin hamısı xəbəri eşidib gəlib qoşulublar. Bunlar bütün ölkədə beş yüz nəfərə qədər adam idi.
Bu adamlar astaca danışa-danışa, tabutdakı məxluqu qətlə yetirəni lənətləyə-lənətləyə, ağır-ağır küçələrdən keçib gedirdilər.
Bu qəribə səhnəni görən əcnəbi onlara yanaşıb soruşdu:
— Tabutdakı mərhum kimdir?
— HƏQİQƏTDİR, qonaq.
— Axı cənab HƏQİQƏTİ biz bu gün görmüş, hətta söhbət də etmişik.
Heç kim cavab vermədi və bir nəfər əyilib qonağın qulağına pıçıldadı:
— O, cənab HƏQİQƏT olmayıb. O, cənab YALANDIR.
— Axı eynilə HƏQİQƏTƏ oxşayırdı.
— Bəli, oxşayır. Yaxşı qrimlənib, amma o, HƏQİQƏT deyil. Özünüz bilirsiz ki, iki HƏQİQƏT ola bilməz. Elədirmi?
Qonaq dedi:
— Bəli, elədir. Yaxşı, bəs bu tabutu nə qədər aparacaqsız?
— O qədər aparacağıq ki, ta təzədən dirilsin.
— Dirilməyinə ümid varmı?
— Bəs necə, HƏQİQƏT illərlə, hətta on illərlə ölü kimi düşüb qalır. Amma şərait yaranan kimi hansı bir sehrləsə cana gəlib qalxır.
— Bəs onda yalançı HƏQİQƏT necə olur?
— Hə, o həqiqətən ölür.
— İndi siz bu ağır tabutu on illərlə çiyinlərinizdə gəzdirəcəksiz?
— Bəli, cənab, neyləməli? Bu da bizim missiyamızdır.
Səfər İBRAHİMLİ