Son 200 ildə insanlığın qlobal inkişafı elə sürətləndi ki, bir neçə min illik dünya tarixindəki nailiyyətləri xeyli üstələdi. 3-cü minillikdə məişət elektronikasının yayılması, informasiya texnologiyasının sürətli inkiafı və digər amillər bir çox innovasiyalara səbəb oldu.
Texnologiyaların sürətli inkişafı həyatımızı, işimizi və dünya ilə əlaqə qurmağımızı tamam dəyişdi. İndi XXI əsrin 10 inqilabi texnologiyasına diqqət edək. Onlar həyat keyfiyyətini yüksəldir, əvvəllər həll edilməsi qeyri mümkün hesab edilən xeyli problemləri həll edir.
- Avtonom nəqliyyat vasitələri
Avtonom nəqliyyat vasitələrinin inkişafı sürətlə irəliləyir. Avtonom minik və yük avtomobilləri artıq müxtəlif testlərdən keçir və bəzi şəhərlərdə yük daşınmasında istifadə olunur. Avtonom ictimai nəqliyyat vasitələri test mərhələsindədir, məsələn, bəzi ölkələrdə avtonom tramvaylar test edilir. Bu texnologiya yol-nəqliyyat hadisələrini azaldacaq, əlillər üçün hərəkət azadlığı təmin edəcək. - Böyük məlumatlar (Big Data)
XXI əsr bizə böyük informasiya dövrünü gətirdi. Böyük şirkətlər və dövlətlər çox iri həcmdə məlumatlar toplayıb emal edir, müxtəlif sahələrdə optimallaşdırma aparırlar. Bu texnologiya biznesin və elmin inkişafına böyük təsir göstərir, qərar qəbul etmə prosesində mühüm rol oynayır. - Böyük dil modelləri (LLM)
ChatGPT və digər süni intellekt botları kimi böyük dil modelləri müasir texnologiyaların əsasını təşkil edir. Bu modellər, insan dilini başa düşmək və cavab vermək, məlumat axtarışı və proqram yazmaq kimi müxtəlif funksiyaları yerinə yetirir. Süni intellektin inkişafı bu texnologiyanın daha da təkmilləşməsinə səbəb olur. - Əşyaların İnterneti (IoT)
İnternetə qoşulmuş cihazların sayı artdıqca, IoT texnologiyası həyatımıza daxil olur. Ağıllı evlər, sənaye avadanlıqları, tibbi cihazlar və nəqliyyat vasitələri bu texnologiya ilə əlaqəlidir. IoT, müxtəlif cihazların qarşılıqlı əlaqədə olmasını təmin edir və həyatımızı daha rahat edir. - Ağıllı və təhlükəsiz şəhərlər
“Ağıllı şəhərlər” konsepsiyası texnologiyanın şəhər həyatına inteqrasiya olunmasını nəzərdə tutur. Big Data, IoT, 5G və digər texnologiyalar şəhərləri daha təhlükəsiz və rahat edir. Bu texnologiyalar avtomatlaşdırılmış nəqliyyatı, enerji idarəçiliyini və ətraf mühitin izlənməsini təmin edir. - 3G, 4G və 5G mobil şəbəkələri
Mobil şəbəkələrin inkişafı, xüsusən 5G texnologiyasının yayılması, internet sürətini və məlumat ötürmə qabiliyyətini kəskin artırır. Bu, onlayn oyunların, video axınlarının və “ağıllı şəhər” layihələrinin inkişafını sürətləndirir. - Blokçeyn Texnologiyası
Blokçeyn, məlumatların qeyri-mərkəzləşdirilmiş şəkildə saxlanmasını təmin edən texnologiyadır. Bu, maliyyə sektoru, təchizat zəncirləri, səhiyyə və digər sahələrdə məlumat təhlükəsizliyini artırır və əməliyyatları şəffaf edir. Kriptovalyutalar blokçeyn texnologiyasından istifadə edir və bu yeni inqilabın başlanğıcıdır. - Süni intellekt (SI) və maşın öyrənmə
Süni intellekt və maşın öyrənmə, böyük məlumatlardan faydalanaraq daha ağıllı qərarların verilməsinə imkan yaradır. SI sahəsindəki inkişafa əsaslanaraq, biz artıq avtomatlaşdırılmış sistemlərdən, ağıllı fərdi köməkçilərdən və daha səmərəli xidmətlərdən istifadə edirik. - Gen mühəndisliyi və CRISPR texnologiyası
Gen mühəndisliyindəki inkişaf , CRISPR texnologiyasının inkişafı ilə daha da sürətlənib. Bu texnologiya genetik xəstəliklərin müalicəsində və insanların genetik materiallarını dəyişdirməkdə böyük potensiala sahibdir. Bu, həm də qida istehsalını daha səmərəli etmək və bəşər qarşısındakı qlobal problemləri həll etməyə imkan verir. - Virtual və artırılmış reallıq (VR/AR/XR)
Virtual və artırılmış reallıq (VR və AR) texnologiyaları, istifadəçilərin real və virtual dünyalar arasında asanlıqla keçid etməsini təmin edir. XR (Extended Reality) cihazları həmçinin daha geniş tətbiqlərə sahibdir, bu texnologiya təhsildən tutmuş əyləncəyə, səhiyyəyə qədər bir çox sahələrdə istifadə olunur.
Bu texnologiyalar XXI əsrdə dünyanın daha sürətli dəyişməsini təmin edir. Onlar biznesi, təhsili, nəqliyyatı və həyatın bütün sahələrini yenidən qurur, yeni imkanlar yaradır, gələcək inkişaf üçün təməl olur. Bu texnologiyaların inkişafını izləmək və onlardan faydalanmaq, daha ağıllı və daha təhlükəsiz bir dünya yaratmaq üçün çox vacibdir.
İlham ƏHMƏDOV