Tramp yorulmadan, usanmadan hər fürsətdə Qəzzaya sülh gətirmək istədiyini söyləyir, “Qəzzada Sülh Planı”nı eninə-uzununa reklam edir, lakin Beniamin Netanyahu isə nəinki Qəzzada qırğınları dayandırmağa tələsmir, əksinə, Qəzzada aclıqdan, humanitar fəlakətdən əziyət çəkən insanlara yardım aparan “Dünya Sumud Donanması”na Tunis limanında dronla hücum edilməsinə əmr verib (şəkillər rəy bölümündə).
Fələstinlilərlə həmrəylik göstərmək və İsrailin Qəzzanı məhkum etdiyi blokadanı qırmaq üçün 50-yə yaxın ölkənin dəstəyi ilə avqustun 31-də İspaniyadan yola çıxan “Qlobal Sumud Filotiliyası”nın ana gəmisinə Tunisin “Sidi Busaid” Limanında bu gün pilotsuz uçuş aparatı ilə hücum edilməsi Netanyahunun gerçək simasını ortaya çıxarır.
Bu hücum hadisəsinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və
Kolumbiya prezidenti Qustavo Petro dərhal sərt reaksiya verdilər.
Ərdoğan, Qəzzada uşaqların aclıqdan həyatını itirdiyi vəhşiliyə diqqət çəkmək və fələstinli məzlumlara humanitar yardım çatdırmaq üçün yola çıxan “Küresel Sumud Donanması”na qarşı edilən hücumun qəbuledilməz olduğunu bildirdi:
“İsrail hökumətinin beynəlxalq sularda mülki şəxslərə qarşı həyata keçirdiyi bu basqın, soyqırım rejiminin Qəzzadakı insanlıq cinayətlərini gizlətmək üçün necə bir dəhşət içində olduğunu bir daha sübut etdi. Soyqırımçı Netanyahu hökumətinin sülhün bərqərar edilməsinə deyil, hətta belə bir ehtimalın ortaya çıxmasına belə dözümsüz yanaşdığı açıq şəkildə göründü”.
Ərdoğanın sözlərinə görə, Sumud Donanmasına qarşı aqressiv münasibət İsrailin qəddarlığını və işğalçı siyasətini bütün dünyaya göstərir.
Türkiyə prezidenti sonda onu da qeyd edib ki, “bu gün dövlətimizin və millətimizin prioriteti Qəzzada qan tökülməsinin dayandırılması, humanitar yardımların maneəsiz şəkildə məzlumlara çatdırılmasıdır”.
Qustavo Petro isə İsrailin “Küresel Sumud Donanması”na hücumunun ardından Kolumbiyadakı bütün israilli diplomatları ölkəsindən qovacağını bildirib:
“Əlimizdəki bu məlumatın doğruluğu təsdiqlənərsə, İsrail ilə sərbəst ticarət anlaşması dərhal dayandırılacaq və Kolumbiyadakı bütün İsrail diplomatik heyəti ölkədən çıxarılacaq”.
P.S. Son məlumata görə, İsrail hərbçiləri Qəzza zolağına humanitar yardım aparan Sumud Donanmasının 13 gəmisini ələ keçirib.
Hücum zamanı İsrail əsgərləri tərəfindən saxlanılan türk fəalların sayı 48 nəfərə yaxındır. “Qlobal Sumud Donanması”na həm dronla hücum edilməsi, həm də gəmilərin ələ keçirilməsi soyqırımçı Netanyahunun bütün dunyaya meydan oxumasının göstəricisidir.
P.P.S. 2010-cu ildə Qəzzaya humanitar yardım aparan Türkiyənin “Mavi Marmara” gəmisi də eynilə bu cür xaincə hücuma məruz qalmışdı. Türkiyə-İsrail münasibətləri məhz həmin hücumdan sonra tamamilə korlandı.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi