Çingiz xanın 1215-ci ildə doğulmuş nəvəsi Xubilay məşhur babasını görmək fürsəti tapmışdı. Oğlan 9 yaşında olanda böyük fateh nəvələri üçün ənənəvi ayini icra etdi: ovda ilk şikarlarını vurduqdan sonra Çingiz xan öldürülmüş heyvanların piyini onların barmaqlarına sürtdü. Rəvayətə görə, məhz o vaxt baba Xubilay haqqında belə demişdi: “Bu oğlanın sözləri hikmətlə doludur, onları diqqətlə dinləyin”.
Xubilay xan nəhəng imperiyanı daha da genişləndirməyə çalışırdı. Moğollar Vyetnama, Saxalinə, Birmaya və Koreyaya soxuldular; böyük xanın qardaşı oğlu isə Misirdəki məmlükləri darmadağın etmək üçün Qərbi Avropada müttəfiqlər tapmağa cəhd göstərirdi. Lakin Xubilayın bütün hərbi niyyətləri uğurlu alınmırdı. 1274-cü ildə böyük xan nəzərlərini şərqdə yerləşən adalara — Yaponiyaya çevirdi. O, sayı 900-dən çox gəmidən ibarət nəhəng donanma qurmağı əmr etdi.
1274-cü ilin payızında Moğoll, çin və koreya qüvvələrindən ibarət birləşmiş donanma Koreyanın Masan limanından yola düşdü. İlk zərbə Susima və İki adalarına endirildi. Yapon müdafiəçilərinin fərdi döyüş bacarığı moğolların taktiki intizamı və qrup halında oxatma texnikası qarşısında aciz qaldı.
Hakata körfəzindəki döyüşlərdə moğollar “tetsuhao” (partlayıcı dəmirlər) adlanan ilk odlu silah nümunələrindən istifadə edərək yapon süvarilərini sarsıtdılar. Lakin quru əməliyyatlarının pik nöqtəsində Moğoll komandanlığının iqlim risklərini nəzərə almaması strateji fəlakətə yol açdı. Gəmilərə çəkilən Moğoll ordusu güclü tufan nəticəsində donanmanın 30 faizdən çoxunu itirərək geri çəkilməyə məcbur oldu.
Birinci məğlubiyyətdən sonra yaponlar şoqunatın rəhbərliyi ilə Hakata körfəzi boyunca “Genko Bori” adlanan 20 kilometrlik müdafiə səddi inşa etdilər. 1281-ci ildə Xubilay xan daha nəhəng bir qüvvə — təxminən 140 minlik ordu və 4000-dən çox gəmi səfərbər etdi. İyun və avqust aylarında baş verən şiddətli tayfunlar Moğol donanmasının 75 faizini dənizin dibinə gömdü.
Moğol imperiyasının Yaponiyanı fəth etmək cəhdlərinin uğursuzluqla nəticələnməsi təsadüfi təbiət hadisələri ilə yanaşı, strateji, texnoloji və hərbi faktorların kəsişməsi ilə izah olunur.
Birinci və ən həlledici amil klimatoloji risklərin düzgün qiymətləndirilməməsidir.
Moğol və çin hərbi dəniz komandanlığı Sakit okeanın şimal-qərb hissəsindəki mövsümi tayfun aktivliyi və regional meteoroloji xüsusiyyətlər barədə dərin biliklərə malik deyildi. 1274 və 1281-ci illərdə baş verən fırtınaların hərbi əməliyyatların ən kritik mərhələsinə təsadüf etməsi naviqasiya planlamasındakı bu boşluğun nəticəsi idi.
İkinci mühüm səbəb texnoloji və mühəndislik çatışmazlıqları ilə bağlıdır. Son onilliklərdə aparılan sualtı arxeoloji qazıntılar Yuan sülaləsinə məxsus gəmilərin konstruksiyasında ciddi qüsurlar aşkar edib. Xubilay xanın qısa müddətdə nəhəng donanma yaratmaq tələbi gəmilərin tələsik, çox vaxt keyfiyyətsiz və xam ağac materiallarından inşa edilməsinə səbəb olmuşdu.
Nəhayət, yaponların mütəşəkkil və inadkar müqaviməti məğlubiyyətin quru mərhələsini tamamlayan əsas amil idi. Donanmanın fəlakətə uğramasına baxmayaraq, sahilə çıxa bilən və sağ qalan on minlərlə təcrübəli Moğoll döyüşçüsü aylarla Kyuşu adasının daxili hissələrində gərgin döyüşlər apardı.
Lakin yapon samuraylarının Hakata körfəzi boyunca inşa etdikləri müdafiə sədləri və tətbiq etdikləri çevik partizan taktikası işğalçı qüvvələrin birləşməsinə və strateji nöqtələri ələ keçirməsinə imkan vermədi.
Yapon xalqı tərəfindən “Kamikaze” (İlahi Külək) adlandırılan bu hadisə ölkənin müqəddəs və toxunulmaz olduğu inancını möhkəmləndirdi. Bu, dünya tarixində nadir hallardandır ki, təbiət amili hərbi strateji planı bu qədər köklü şəkildə alt-üst edir. Xubilay xanı üçüncü hücumdan yayındıran təkcə iqlim deyildi. Eyni zamanda Vyetnamda (Tran sülaləsi) uğursuz hərbi kampaniyalar, Cənubi Çindəki üsyanlar və imperiyanın maliyyə iflası Moğol imperiyasının dəniz ekspansiyasına nöqtə qoydu.
Aydan

