Xoş xatirəm ürəklərdə anılsın

ELAZ.İNFO-nun bu günkü sayının qonağı şairə Simuzər Gülərüzdür. Şairə haqqında qısa bioqrafik məlumatı və bir neçə şeiri Sizə təqdim edirik.

Şükürova Simuzər Əlimirzə qızı (tə­xəl­­lüsü GÜLƏRÜZ) 1953-cü ilin 15 de­kabr tarixində Saatlı rayonunun Sara­ca­lar kən­dində, dəmiryolçu ailə­sin­də dün­ya­ya göz açmışdır. Orta mək­təbin 8-ci sinfində oxuyarkən ədəbiyyata böyük hə­­­­vəs göstərmiş və şeir­lər yazmaga baş­lamışdır.

O, 1971-ci ildə N.Tusi adına Azər­baycan Dövlət Pedaqoji İnstitutuna, Ümumitexniki fənlər və fizika ixtisası üzrə daxil olmuş və 1976-cı ildə həmin institutu mü­vəf­fəqiyyətlə başa vurmuş, ixtisası üzrə mü­əl­limlik fəaliyyətinə başla­mışdır. 

Simuzər Gülərüz Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Pre­zident təqaüdçüsüdür. Şairə “Gözümə deyirəm baxma yollara”, Və­tən sənə can de­mi­şəm”, “Əgər sevmirsənsə çəkil yolumdan”, “Kim­sə­­siz eşq”, “Deyiş­mələr” adlı kitabların müəllifidir. Onun qə­lə­mə al­dığı şeirlər bir sıra antologiyalarda,  o cümlədən dövri mətbuatda- qəzet və jurnallarda mütəmadi olaraq dərc olunur.

Simuzər xanım 3 qız, 3 oğlan anasıdır.

Mərhum həyat yoldaşı Şükürov Yunsur Yusif oğlu Səmərqənd Tibb İnstitutunun məzunu olmuşdur.

QƏRƏNFİL

Dogma Azərbaycanımızın müstəqilliyinin yenidən bərpası ugrunda canından keçmiş 20 YANVAR ŞƏHİDLƏRİNİN əziz xatirəsinə həsr olunub

Şəhidın qanından, igid canından,

Günəşin odundan yaranmısan sən!

Çevrilib atəşə, dönüb alova,

Qəbirlər üstündə qalanmısan sən.

Əbədi məkanda qərar tutmusan

Nakam qərənfilim məzarlar üstə.

Oradan boylanır gənclər ahəstə

Bayatı söyləyir “Çahargah” üstə.

…Sən də ay qərənfil, layla deyirsən?

İgid şəhidlərə layla çalırsan?

-“Bəli! Şəhidlərə layla deyirəm!

Mən Şəhidlərə öz balam kimi

Layla deyirəm, layla!

ANA, MƏNİ İSTİ YERDƏ DƏFN ELƏ

Şeir bir Şəhidin dilindən yazılmışdır

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

Ana, məni isti yerdə dəfn elə.

Üşümüşəm orda donum açılsın.

Ana, məni yumşaq yerdə dəfn elə

Daş üstəyəm, orda yerim xoş olsun.

Ana, məni günəş kimi dəfn elə,

İşığımdan aləmə nur yayılsın.

Ana, məni gecəyarı dəfn elə,

Ay işığı məzarıma saçılsın.

Ana, məni dəfn edəndə ağlama,

Qara geyib, qara yaylıq bağlama,

Göz yaşınla ürəkləri dağlama,

Dəyanətin elə örnək sayılsın.       

Ana, mənə matəm tutma, yas tutma,

Naqisləri məclislərdə oturtma.

Son arzumu, əziz anam, unutma,

Xoş xatirəm ürəklərdə anılsın!

Bizimlə oxuyun
Verified by MonsterInsights