Azərbaycan musiqisi tarixində ilk duet ifaçısı, musiqimizin xanı Xan Şuşinski 1901-ci il avqustun 20-də Şuşada anadan olub.
Azərbaycan muğam sənətinin Xanı. Əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirov olan gənc xanəndə Ağdamın Novruzlu kəndində bir məclisdəymiş. Bəylərin xahişi ilə “Kürd Şahnazı”nı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, “əsl Xan elə bu imiş ki!”, – deyir. Vəcdə gələn İslam Abdullayevsə, ustad xeyir-duasını verir:
“Bu gündən sənin adın oldu Xan Şuşinski”
Xan Şuşinski təkcə muğam ustası olmayıb, o, eyni zamanda, həm şeir yazır, həm də mahnı bəstələyirmiş. Lakin uzun müddət onun bəstələri xalq mahnısı kimi təqdim edilib. Bir çox hallarda xalq mahnısı kimi təqdim edilən “Şuşanın dağları” mahnısının sözləri də Xan əminindir.
Deyilənlərə görə, o zaman mahnının sözlərinə “siyasi don” geyindirənlər tapılıb və bəstəkar-xanəndəni çək-çevirə də salıblar. Şuşanın dağlarının başının niyə dumanlı olması, bununla onun nə demək istəməsi barədə sorğu-sual, az qala, istintaq səviyyəsinədək yüksəlibmiş. Bundan yaxa qurtarmaq üçün hətta Xan Şuşinski mahnının sözlərini bilərəkdən dəyişib, «Şuşanın dağları deyil dumanlı» şəklində də ifa edibmiş.
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı yaşıl tumanlı.
Bu mahnıya görə uzun müddət təqiblərə məruz qalan Xan Şuşinski Sovetlərin “milli mənəviyyatı məhvetmə” siyasəti zamanı Azərbaycanın dövlət rəmzini musiqi ilə vəsf etdi: mavi səması dumanlı, qırmızı koftaya bürünən ətəyi yaşıl Azərbaycan. Bu ideoloji mübarizənin bu gün də dinlənilən, unudulmayan nümunəsidir.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasının qalibi olub.
Xan Şuşinski Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Bakıya onu Mircəfər Bağırov məcbur edib gəlməyə..1938-ci ildə Moskvaya konsert verməyə getməyən Xan Şuşinski barədə söz-söhbət gəzirmiş ki – Şuşada toyları qoyub Moskvaya vacib dövlət tədbirinə getmək istəməyib. Bundan hiddətlənən Mircəfər Bağırov Xan Şuşinskinin Bakıya köçürülməsini əmr edir və 1939-cu ildə – 38 yaşında Xan Şuşinski Bakıya köçür.
1943-cü ildə Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür.
1944- cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfərinə getmişdir. Bu səfər zamanı Tehran da daxil olmaqla, İranın 4 şəhərində böyük konsert proqramı ilə çıxış etmişdir.
Fəaliyyəti müddətində heç zaman kimliyini tanıtmayan Xan Şuşinski, sadəcə, ölüm yatağında olarkən bildirir ki, “Mən İbrahim xanın nəslindənəm”. 1979-cu il mart ayının 18-də vəfat edən Azərbaycanın görkəmli xadimi Xan Şuşinski Bakı şəhərində vəfat etmiş, Fəxri xiyabanda dəfn edilmişdir.
Bu gün onun evində oldum, böyük Xanın Qarabağda mülki bu günə düşüb. Kənd camaatı danışır ki, bəzi gecələr sanki evin içərisində ruh gəzir. Buna görə burda yayılıb ki, guya evdə cin var. Hətta Xan əminin mülkünün qapısına da yazıblar. “Evdə cin var”
Bu mülk mütləq şəkildə muzeyə çevrilməlidir. Şərq və Qərbin əvəzolunmaz səsi Xanın səsi burada yaşamalıdır.
Prof. Dr. Zaur Aliyev