Xocalı soyqırımı – 317 nömrəli məktəbdə tarixi yaddaş dərsi.

317 nömrəli məktəbin ibtidai sinif müəllimi Aysel Əliyeva Sərraf tərəfindən 26 Fevral – Xocalı soyqırımının ildönümü ilə əlaqədar maarifləndirici dərs təşkil olunmuşdur. Dərsin keçirilməsində əsas məqsəd şagirdlərə xalqımızın tarixi yaddaşında mühüm yer tutan bu faciə haqqında yaş səviyyələrinə uyğun məlumat vermək, onlarda vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət hissini formalaşdırmaq olmuşdur.

Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra müəllim tərəfindən Xocalı hadisələri barədə qısa və anlaşıqlı məlumat təqdim edilmişdir. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində baş verən faciə nəticəsində çoxlu sayda dinc sakin həlak olmuş, bu hadisə xalqımızın yaddaşında dərin iz buraxmışdır.

Tədbir çərçivəsində şagirdlər tərəfindən mövzuya həsr olunmuş şeirlər səsləndirilmiş, təqdimatlar nümayiş etdirilmişdir. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Həmçinin şagirdlərin hazırladıqları rəsmlər və əl işləri nümayiş olunmuş, onların mövzu ilə bağlı fikirləri dinlənilmişdir.

Dərsin sonunda müəllim vurğulamışdır ki, tarixi hadisələri öyrənmək və unutmamaq hər bir vətəndaşın borcudur. Gənc nəslin milli ruhda tərbiyəsi, vətənə sevgi və sülhə çağırış kimi dəyərlərin aşılanması bu kimi maarifləndirici tədbirlərin əsas məqsədidir.

Keçirilən dərs şagirdlər tərəfindən böyük maraqla qarşılanmış və onların tarixi biliklərinin zənginləşməsinə töhfə vermişdir.

https://bakimektebleri.edu.az/317/az/teachers/4

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights