Gözəl və incə qələmə sahib şairə Zeynəb Cəmaləddindən duyğu yüklü qəzəllər
BİLSƏN Kİ, NECƏ…
Bilsən ki, necə xəstədi can, mehrinə, ey yar,
Hər dəm gözünün düşmədədi sehrinə, ey yar.
Düşmənlərə nisbət gülürəm, məzuru varmı?
Biçarə canım yanmadadı qəhrinə, ey yar.
Gəl, gəl ki, gözün qarəsinın həsrəti sənsən,
Kirpikli qalaynan qorunan şəhrinə, ey yar.
Hərçəndi şirindir kədəri, möhnəti eşqin,
Bəsdirmi ki daldım yalanın bəhrinə, ey yar.
Məcnun ilə Leyla bizə hər dəm məsəl olmuş,
Zeynəb də zamanın uyacaq dəhrinə, ey yar.
21.08.2025

XARIBÜLBÜL ƏFSANƏSİ
Ey aşiqi zar, eşqinə sadiq sarı bülbül,
Ey al çıçəyin nəğməyə dönmüş yarı bülbül!
Ahın od olub, dinləyənin qəlbini yaxdı,
Bölmüşmü canı ağrılı hicran, yarı, bülbül?
Ol sadiqi-yar qəlbini şəksiz, sənə vermiş,
Etmə özünə bunca cəfalar, barı bülbül.
Yellər gəzişən sevdiyinin telləri məhzun,
Uç get, ləçəyın sar, sarı, bülbül, sarı bülbül.
Eyvah, sənə tuş gəldi tikan, neştərə bənzər,
Etdi o sevən bağrını al qan xarı, bülbül.
Tərk eyləmədin heç Qarabağı daha əsla,
Oldun Şuşanın şəninə şayan, Xarıbülbül.
Agah oluban halına dastan dedi Zeynəb,
Mizrabı toxundur simə, gəl, çal tarı, bülbül.
20.03.2024