ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Texniki Universitetində dahi Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə maraqlı ədəbi tədbir keçirildi.
Görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xaqani Şirvaninin yubileyinin ölkə səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncam çərçivəsində təşkil edilən tədbirlər silsiləsinə daxildir.
Tədbirin əsas mövzusu yazıçı Sona Abbasəliqızı İsmayılovanın qələmə aldığı “Sözün xaqanı” tarixi romanı idi.
Əsərdə böyük mütəfəkkirin həyatı, yaradıcılığı və yaşadığı dövrün ictimai-mədəni mühiti bədii şəkildə təsvir edilir.
Görüşün təşkilatçısı universitetin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev idi. Tədbirdə müəllimlər, tələbələr və müxtəlif elm-ədəbiyyat nümayəndələri iştirak etdilər.
Səmimi mühitdə keçən görüşdə tələbələrin də iştirakı müəllifi qürurlandırdı. Sonda iştirakçılar Xaqani Şirvani irsinin gənc nəslə tanıdılması üçün belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğuladılar.
Sözardı: Romanın elmi dəyərini artıran mühüm məqamlardan biri də əsərə yazılmış ön sözdür. Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Nadir Məmmədli tərəfindən qələmə alınmış ön sözdə Xaqani irsinin müasir dövrdə öyrənilməsi və təbliğinin əhəmiyyəti xüsusi vurğulanır.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı, Xızı rayon Mikayıl Müşfiq adına tam orta məktəbin direktoru, “Tərəqqi” medalı mükafatçısı Svetlana Rüstəmova, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə, araşdırmaçı-yazar Əli Vəliyev, yazıçı Samir Arifoğlu Abdullayev, şair Xəzər Bəy Hikmətoğlu, yazıçı Tarverdi Abbasov, şair Sevda Muradəliyeva və digər ziyalılar iştirak edərək roman və Xaqani yaradıcılığı haqqında fikirlərini bölüşdülər.
Maraqlı məqamlardan biri də odur ki, “Sözün xaqanı” romanı artıq ali təhsil mühitində də diqqət çəkmişdir. Universitet dərsliyində klassik və müasir yazıçıların bədii nümunələri arasında əsərdən qısa bir parça beş cümləlik bədii nümunə də təqdim olunmuşdur. Bu isə romanın həm bədii, həm də tədris baxımından dəyərini göstərən fakt kimi qeyd olundu.
Gülqədəm Mirzəzadə.