İran ətrafında cərəyan edən hadisələr dünya gündəmini məşğul etdiyi qədər də, Azərbaycanı narahat edir. Təkcə ona görə yox ki, İranla uzun bir dövlət sərhədimiz var, qonşuyuq, həm də ona görə ki, orada 40 milyona yaxın soydaşımız yaşayır.
İranda yaşayan soydaşlarımız isə fars idarəçiliyindən, fars şovinizmindən və zehniyyətindən uzun illərdir, əziyyət çəkir…
Müharibənin səbəbləri…
ABŞ və İsrailin İranla savaşının arxasında nə teokratik rejimlə mübarizə, nə demokratiya uğrunda savaş, nə də İranda yaşayanların haqq və hüquqlarının müdafiəsi dayanır.
Bu savaşın arxasında nəyin dayandığı hər kəsə bəllidir.
Savaşın kökündəki başlıca məqsəd yeni dünya hegemonluğu və rəqib ola biləcək dövlətlərin imkanlarının zəiflədilməsidir.
ABŞ-nin yeni dünya düzənində əsas rəqibi Çin olacaq, (Yeri gəlmişkən, bunu ABŞ özü müəyyən edib) bu rəqabətdə uduzmamaq üçün hazırlıqlarını indidən görür.
Rəqabət və düşmənçilik nə vaxt başlayacaq?
Sözügedən proses Çinin quru və dəniz yolları nəzarətə götürüləndən və onunla müttəfiq olub, bəzi ehtiyaclarını ödəyə biləcək ölkələr sıradan çıxarıldıqdan sonra başlayacaq.
Afrika dövlətləri üzərində nəzarət bərpa olunub, Venesuela nefti üzərində hakimiyyət var, İran uğrunda savaş gedir, növbədə isə Rusiyadır.
İran savaşı bitdikdən sonra Rusiya da bu dövlətlərin sırasına əlavə ediləcək.
Qırmızı dəniz, Orta Dəhliz, Rusiyadan çıxan yollar tam nəzarətə götürüləcək, qlobal istiləşmə mərhələsində Qrenlandiya da ABŞ-nin nəzarətində olacaq.
Əvvəlki süni rəqiblərlə müqayisədə Çinlə rəqabət bir qədər uzun çəkəcək. Ona görə, bu istiqamətdəki hazırlıqlar da genişmiqyaslı aparılır.
Çinə ABŞ-nin nəzarətindən kənar strateji məhsul sata biləcək kimsə nəzarətsiz qalmamalıdır.
İsrailin də öz planları var, o da qlobal şəkilləndirmədən istifadə edib, gələcək təhlükəsizliyinin təminatını indidən zəmanət altına almaq istəyir.
Savaşın qısa səbəbi bu!
Kimsə burda rejim, insan haqları, teokratiya ilə mübarizə elementləri axtarmasın.
ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinin hamısı İranla mahiyyəti fərqlənməyən ölkələrdir. Bu faktın özü kifayət edir ki, savaşın məqsədi barədə dediklərimiz şübhə doğurmasın.
Xatırlatmaq yerinə düşər ki, SSRİ-nin süqutundan tam 3 il sonra ABŞ təkqütblü dünyanın onun mənafeləri ilə uyğun gəlmədiyini gördüyü üçün, yaxın Şərqdə özünə islam terrorçuluğu adı altında rəqib ideoloji formalaşdırdı.
Təəssüf ki, o dövrdə islam ölkələrinin heç biri bunu anlamadı və ya rəhbərlərin mənafeyinə uyğun gəldiyi üçün həvəslə planın içində yer aldılar.
Elə həmin planın tərkib hissəsi kimi Taliban Əfqanıstanda hakimiyyətə gəldi, daha sonra Hizbullah Fələstində, Əl-Qaidə ortaya çıxdı, 11 sentyabr hadisələri törədildi, İŞID İslam dünyasını silkələdi, çoxsaylı proksi təşkilatların yaranmasına meydan verildi.
Daha sonra İraq hadisələri, Ərəb baharı və s. kimi hadisələr layihənin dəyərini artırdı və vacibliyini xüsusi qabartdı.
Doğrudur ki, islam dünyası ilə düşmən olmamaq və dini tam qarşısına almamaq üçün “ilımlı” İslam modeli də dövriyyəyə girdi. Türkiyə bu yerdə baş rolun ifaçısına çevrildi. Nəcməddin Ərbakanın gəlişi, Ricai Kutanın hökumət ortaqlığı və parlament təmsilçiliyi, daha sonra Gülən xətti və nəhayətdə 2002-ci ildə Ərdoğan hökumətinin noyabr seçkisində qələbəsi Türkiyənin bu planda yer almasının göstəricisi idi.
Bir sözlə, dünyada olduğu kimi, Yaxın Şərq və müsəlman dünyasında da hər kəsə köynəyi biçən bir Mərkəz iş başında idi…
ABŞ İslam dünyasında başlatdığı prosesdən məmnun qalmadı, sahədə özü və qoşunları olduğu üçün planında dəyişiklik etməyə məcbur oldu. Meydanda özü olduqca, itirmək şansları böyüyür, rəqiblər isə bundan yararlanırdı.
Beləliklə də, ABŞ üzünü Rusiyaya çevirdi. ABŞ-nin hər sözünü itaət kimi qəbul edən, Birləşmiş Ştatların ən sadiq adamlarından olan Çubaysın məsləhəti ilə Yeltsinə təqdim edilən Rusiya lideri Putin yeni vəzifələr üstələndi.
ABŞ Rusiyanı böyütməklə, əvvəlcə Fransa və Almaniyanın öncüllüyü ilə müstəqil Güc Mərkəzi olmaq istəyən Avropa Birliyini durdurmaq planını işə saldı. 2000-ci illərin əvvəlində Avropa Birliyinin ərəb ölkələrinə yönəlik siyasətində adı çəkilən bütün ölkələrdə xaos yaradıldı. (bax: Avropa Birliyinin Qonşuluq Siyasəti sənədi)
Sonra Avropa Birliyinin Şərq Tərəfdaşlığı Çərçivəsində yaxın qonşuluq siyasəti çərçivəsində prioritet elan etdiyi ölkələr hədəf seçildi.
Maraqlı budur ki, ABŞ ərəb ölkələrinə jandarm etmək istədiyi Rusiyanı da daşıdı. Rusiya gücə çevrilmədən o rolu oynaya bilməzdi.
NATO-ya üzv olmağı qəbul edən Rusiya (bax: 2002-ci ildə 8-liyin görüşündə Putinin çıxışı) düşmənə “çevrilməyə” başladı.
Daha sonra Şərq tərəfdaşlığı çərçivəsində Avropa Birliyinin əməkdaşlıq etdiyi ölkələrlə Rusiya münasibətləri gərginləşdi.
Əvvəlcə Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan (2013), Ermənistan, ən nəhayətdə, Belarus Rusiyanın ağzına atıldı.
Beləliklə, Rusiya növbəti obrazında və rolunda yeni jandarma çevrildi.
Və bunun memarı ABŞ oldu.
ABŞ Rusiyanın onunla rəqabət edə bilməyəcəyinin fərqindədir. Elm və təhsildə, texnologiya və yeniliklərdə, insan resurslarında Rusiya ABŞ-nin rəqibi deyil.
Bir az da tarixə ekskurs etsək, görərik ki, əslində Rusiya və ABŞ heç vaxt rəqib olmayıblar, Rusiya ABŞ-nin ona verdiyi rolu məharətlə oynayaraq payını götürüb, qazanıb. ABŞ də Rusiyaya bir yerə qədər böyüməyə icazə verib. Əvəzində, böyümək potensialı olduqca çox olan Avropa Rusiya qorxusu ilə ABŞ-nin qanadı altına sığınmağa məcbur edilib.
Eynən bugünkü kimi…
İran bu işin harasında?..
İran 1979-cu il inqilabına kimi də ABŞ siyasətinin şərq təmsilçisi idi, İslam inqilabından sonra da. Kim güman edirsə ki, İran ideoloji dövlət qurub, öz inandığı dəyər və məzhəb qaydalarına uyğun yaşamağı seçib, yanılır. Şah rejimi də oyuncaq bir quruluş olub, indiki molla rejimi də.
Qərb dünyasının maraqları üçün İranda islam rejimi qurulmalı idi, quruldu. Xomeyni yetişdirilib, hakimiyyətə gətirilməli idi ki, qərbin Yaxın Şərq siyasəti qüsursuz irəliləyə bilsin.
Bu yerdə İsraildən danışmasaq, olmur…
Hər kəs elə bilir ki, İsrail və yəhudilər ABŞ və Qərbin ən sevimliləridirlər. Hətta bəzən dünyanı onların idarə etdiyinə də inanırlar.
XIX əsrə kimi indiki İsrail ərazisində yəhudilərin sayı kəskin azalmış, yalnız sənayeləşmə və qlobal planlaşdırmadan, yeni inkişaf steategiyasında neftin əhəmiyyəti bəlli olduqdan sonra, yəhudilər İsraildən kənar ölkələrdə başlayan hərəkat nəticəsində buraya yenidən köç etməyə başlamışdılar.
İkinci dünya müharibəsindən sonra isə Böyük Britaniya 1948-ci ildə Fələstin muxtariyyətinin böyük ərazisində İsrail dövlətini elan etdi. Halbuki, “sevdikləri” yəhudilər üçün yeni dünya düzənində daha təhlükəsiz dövlət yaratmaq imkanı var idi. Lakin məhz burada (tarixi əsaslar da rol oynadı) İsrail dövlətinin yaranması yeni düşmənçiliklərin və idarəetmədə sadələşdirmənin modelini ortaya qoydu və eyni zamanda ərəb ölkələri də tayfalara bölünərək, yerində 20 ərəb dövləti yarandı. Tayfalar arasındakı düşmənçilik dərinləşdirildi, təriqət və məzhəb savaşları başladı. Hakimiyyətdə olanların var-dövlət və iqtidar hərisliyi isə hər şeyi üstələdi. Yalançı din və təriqət düşmənçilikləri xalqları ən geridəqalmış, cahil, ac-yalavac topluma, onların başında dayananları isə sonsuz sərvət sahibinə çevirdi, düşmənçiliklər isə günü-gündən artdı.
Paralel olaraq, Ərəb Birliyinə qarşı da bir Şiə ideolojisinin hakim olduğu İran teokratik rejimi quruldu.
İndi də davam edir.
Ərəb ölkələrində kiçicik qruplar halında olan şiələr İran tərəfindən dəstəklənərək, öz ölkələrində, həm də müsəlman ölkəsində düşmənə çevrildilər.
Müsəlman Birliyi də beləcə mümkünsüzə çevrildi…
İran təriqət dövləti olsa da (islam dövləti deyil), mahiyyəti farsçılıqdır. Orada müsəlman zehniyyəti, hətta təriqət düşüncəsi belə olmayıb. İranda fars şovinizmi olub.
Ərazisində tarixin müxtəlif dönəmlərindəki imperiya ənənələrini fars ənənəsinə çevirib.
Əvvəlcə dil, sonra din və təriqət üstünlüyündən istifadə edərək, farsçılığı qorumağa və gücləndirməyə çalışıb.
Beləliklə, orada yaşayan hər bir millətin haqqını farsa yedirtdi, proses bu gün də davam edir.
Azərbaycan və Türkiyə regional savaşda və ya yeni şəkilləndirmədə varmı?
Təəssüf ki, biz bu oyunun içərisində çox az rola malikik. Dəyişə, mənafelərimizi qoruya biləcəyimiz çox az şey var. Dünya gücləri bu oyunda bizə rol vermək istəmir, bizim isə rol almaq imkanımız məhduddur.
Dünya gücləri bizə niyə rol vermək istəmirlər?
Cavab sadədir – böyüyə biləcək, quru sərhədi ilə birləşəcək böyük Türk Dünyasının yaranması qorxusu…
Dünya bu qorxunu öz ənsəsində hiss edir.
Nə etməliyik?
İlk növbədə, baş verən hadisələrə Azərbaycan dövlətinin, orada yaşayan soydaşlarımızın, Böyük Türk dünyasının maraqları çərçivəsindən baxıb, hər xırda fürsətdən gələcək üçün yararlanmalıyıq.
İran bir imperiya kimi dağılmalıdırmı?
Mütləq…
İran gec-tez dağılacaq.
Oradakı fars belə bu teokratik rejimə uzun müddət təhəmmül etməyəcək.
Demokratiyaya keçiddə isə biz milli haqqımızı almaq üçün ayaqda olmalıyıq. Bunun üçün bütün əsaslar var. Uzun illərin milli kimlik davası, tarixi Pişəvəri hökuməti, İrandan kənardakı soydaşlarımızın istiqlal arzuları, içəridə dil faktoru və Azərbaycanın ikiyə bölünməsi Güney Azərbaycanın azadlıq pasportudur.
Bir qədər də din və təriqət təəssübkeşliyi barədə…
Biz müsəlmanıq, müsəlman isə dindaşının qardaşıdır. Lakin qardaşlıq birtərəfli olmur. Biz bizə qardaşlıq edənlərdən yanayıq.
Çoxumuz şiəyik. Əhli-Beyt sevdalısıyıq, İmam Əli aşiqiyik, Həzrəti Hüseyn və Kərbəla şəhidləri vurğunuyuq. Lakin sevdamız İran və onun fars düşüncəsindən keçən islama və şiəliyə bağlı deyil.
Bu gün İranda baş verən hadisələrlə dinin və təriqətin bağlılığı yoxdur, dünən birilərinin marağı ilə islamı və dini, əhli-beyti vasitə bilənlər, bu gün də ondan istifadə edərək, iqtidarlarını və var-dövlətlərini qorumağa çalışırlar.
İqtidarda olaraq, öz müsəlman qardaş və bacılarına zülm edənlər, məscidlərimizə donuz bağlayanlarla bir cərgədə dayananlar, “Ermənistan bizim qırmızı xəttimizdir” deyənlər nə müsəlman qardaşım, nə də şiə tərəfdaşım ola bilməz.
Mən müsəlman qardaşımın yanındayam, o müsəlmanın ki, kimsənin haqqına girməsin.
Xalqımın, millətimin, türkün haqqına girən mənim düşmənimdir.
Bu savaş fars zehniyyətini hakim edənlərlə fars düşüncəsi arasındadır.
Günahsız insanlar hansı millətdən, dindən olursa-olsun, ölməsinlər.
Dini, məzhəbi iqtidar mənafeyinə görə alət edənlər, öz zehniyyəti üçün Türkün haqqına girənlər isə mənim də, sizin də, Azərbaycanın da, Türk dünyasının da düşmənləridir.
P.S. Yeni lider yeni qurbanlıq, yeni ölüm isə rejimə xalqın dəstəyini təşkil etmək üçündür.
Dostları Laricanini sevir. Ya Əli, ya Sadiq…
İqbal AĞAZADƏ
Siyasətçi