Xalq sənətkarları silsiləsi

ƏLİ NÜMUNƏ: AŞIQ ƏLİ KAMİL OĞLU MƏSİMOV

Əli Kamil oğlu Məsimov 1928-ci ildə Qazax mahalının Qızılhacılı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra ali təhsil alıb. Əli müəllim ömrünün sonuna qədər Çaylı kənd 2 saylı orta məktəbində rus dili müəllimi kimi çalışıb.
Gənc yaşlarından saza və sözə böyük maraq göstərib. Məhz bu maraq onu qələm sahibi edib. Əli müəllimin yaradıcılığı olduqca zəngindir. O, aşıq şeirinin bütün formalarında şeirlər yazıb. Təssüflər olsun ki, şeirlərini bütövlükdə toplaya bilmədik. Deyilənə görə, onun aşıqlarla məclislərdə deyişmələri də olarmış. Bu gün də müxtəlif məclislərdə aşıqlar onun şeirlərindən istifadə edirlər.
Əli Məsimov 1977-ci ildə avtomobil qəzası nəticəsində vəfat edib. Qəbri doğulduğu Qızılhacılı kənd qəbiristanlığındadır.

HARAY

Qara günün bir ağ günü gələndə,
Gərək özün çağırasan, ay haray.
Məndə təqsir yoxdur, günah səndədir.
Cavan ömrün özün etdin zay, haray.

Gülə bülbül olub sözə dönmüşəm,
Düşünmə ki, oda közə dönmüşəm.
Mən neynim ki, sən olubsan yay, haray.

Bağban fərəhlənər dərəndə barı,
Qızılgül üstünə qondurmaz xarı.
Məcnun kimi bağlamışdı ilqarı,
Leyli kimi günlərini say, haray.

Köhnə sınıqların bitişmədimi?
Əliyə düşmənlər ötüşmədimi?
Qoynun cənnət idi, yetişmədimi?
Dərib göndərəsən bizə pay, haray.

OLMAZ

Nazlı dilbər, mərd igidin,
Doğru sözü yalan olmaz.
Bir bağın bağbanı olsa,
Gülşən olar, talan olmaz.

Bağda bar dəydi, desələr,
Heyva, nar dəydi, desələr.
Gülə xar dəydi, desələr,
Üç qəpiyə alan olmaz.

Dərmədik gülü, nərgizi,
Pərişan eylədin bizi.
Vaxt olar çıxar əvəzi,
Bu dərd məndə qalan olmaz.

Sən didin könlümün şahı,
Ey qəddi-nazik surahi!
Sənsən Əlinin pənahı,
Özgə yada salan olmaz.

VAY HALINA

İnsaf elə, ay kişi, pislik etmə gəl bu qədər,
Puç olar bütün zəhmətin, hörmətin gedər hədər.
Bürüyər kor qəlbini həm dərdi-qəm, həmdə gedər,
Tutduğun əmmələrdən üz utanar, vay halına,
Əgər olsan vəzifədən-işdən kənar, vay halına.

İstəsən saxlayasan, dəyişməyəsən adətin,
Çalışginan, yeyəsən əliyin halal zəhmətin.
Yaramaz mənimsəmək əməyin bu millətin,
Tutduğun əməllərdən üz utanar, vay halına,
Əgər olsan vəzifədən-işdən kənar, vay halına.

Rüşvətə sən əl atdın, deyən olmadı, niyə?
Fırıldaqda ad çıxartdın, deyən olmadı niyə?
Ucuz aldın, baha satdın, deyən olmadı niyə?
Tutduğun əməllərdən üz utanar, vay halına,
Əgər olsan vəzifədən-işdən kənar, vay halına.

Söyləmə anlamadım, budur, deyirəm ucadan,
Ehtiyatı əldən vermə, yoxlama var, Moskvadan.
Sonra onlar hal olarlar sədr-müdir olduğundan,
Tutduğun əməllərdən üz utanar, vay halına,
Əgər olsan vəzifədən-işdən kənar, vay halına.

DODAXLARINNAN

Demədimmi gəzməginən sən o gen qucaxlarınan,
Topul saç, sürməli qaş, qırmızı dodaxlarınnan.
Mənim hamıya nəsihətim ömür boyu budur,
Uyma şeytan felinə o bir gün səni yıxacaq.
Başladın ki, mən kişiyəm, bu yaxşıdır, nə olacaq?
Demədimmi gəzməginən sən cavan uşaqlarınan,
Topul saç, sürməli qaş, qırmızı dodaxlarınan.

Mən heç rəva bilmərəm, yaraşdırmıram adına,
Bu sinnində xərc çəkəsən tərbiyəsiz ya qadına.
Dostum, öz aramızdır, cavanlıq düşüb yadına,
Demədimmi, gözməginən gedib o axmaqlarnan,
Topul saç, sürməli qaş, qırmızı dodaxlarınan.

Nə qədər öyüd verdimsə, heç biri gəlmədi kara,
Axır dedim, gör sən hara, Yesuntiki-Soçi hara?
İstirahət əvəzinə qoşulmusan dusyalara,
Demədimmi, gözməginən o pozğun alçaqlarnan,
Topul saç, sürməli qaş, qırmızı dodaxlarınan.

Barı gəzdiklərin ola öz müsəlman millətindən,
Eşitsələr qurtarmazsan qohum-qardaş minnətindən.
Haxlı yarımçıq qovdular bu dünyanın cənədindən,
Demədimmi, gözməginən iki üzlü yaltaqlarnan,
Topul saç, sürməli qaş, qırmızı dodaxlarınan.

Gəl əyləşək çayxanada sən mənə bax, mən də sənə,
Dərdini de Nümunəyə, deməginən özgəsinə.
Of nifrət onların özünə, izinə kölgəsinə,
Demədimmi, gözməginən sən o genqucaxlarınan,
Topul saç, sürməli qaş, qırmızı dodaxlarınan.

İlhamə Qəsəbova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Bizimlə oxuyun
Verified by MonsterInsights