ELAZ.İNFO xəbər verir ki, bu gün “Prezidentlər Günü” Amerika Birləşmiş Ştatlarında qeyd olunan rəsmi federal bayramdır.
United States of America-da hər il fevral ayının üçüncü bazar ertəsi qeyd olunan Prezidentlər Günü ölkənin dövlətçilik tarixində mühüm yer tutan prezidentlərin xatirəsinə həsr edilir. Bu bayramın rəsmi adı “Washington’s Birthday” yəni Corc Vaşinqtonun doğum günüdür.
George Washington 22 fevral 1732-ci ildə anadan olmuş və ABŞ-ın ilk prezidenti kimi ölkənin formalaşmasında, Konstitusiya prinsiplərinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Sonradan bu gün yalnız Vaşinqtona deyil, digər prezidentlərə də ehtiram əlaməti olaraq ümumiləşdirilmiş şəkildə qeyd edilməyə başlanmışdır.
Xüsusilə Abraham Lincoln-un (12 fevral 1809) doğum gününün də fevral ayına təsadüf etməsi bu bayramın bütün prezidentlərə həsr olunması ənənəsini gücləndirmişdir. Linkoln ABŞ tarixində köləliyin ləğvi və vətəndaş müharibəsi dövründə ölkənin birliyinin qorunması ilə yadda qalmışdır.
1971-ci ildən etibarən “Uniform Monday Holiday Act” qanununa əsasən bayram fevralın üçüncü bazar ertəsinə keçirilmişdir ki, bu da vətəndaşlara uzun həftəsonu imkanı yaratmışdır.
Bu gün ABŞ-da dövlətçilik ənənələrinin, konstitusion idarəetmənin və liderlik institutunun simvolu kimi qəbul edilir.
Əli İBRAHİMOV