Vüqar Dadaşov: -“Rusiyanın Azərbaycanla barışmaq istəyi zərurətdən irəli gəlir”

Düşənbədə Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə Putinin Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı səsləndirdiyi açıqlamaya İlham Əliyevin protokol çərçivəsində, formal xarakterli, soyuq və qısa reaksiyası onu deməyə əsas verir ki, Azərbaycanı hələ də qane etməyən məsələlər mövcuddur.

Bu fikirləri ELAZ.İNFO-ya açıqlamasında Milli siyasi şərhçi Vüqar Dadaşov bildirib.

Politoloqun sözlərinə görə, bu məsələlərin tam şəkildə həlli mümkün olmadığı halda, ikitərəfli münasibətlərin normallaşmasına ümid etmək çətindir.

“Görüşdən sonra Putinin verdiyi açıqlamalar da çoxlu suallar doğurur. Prezident Putin Azərbaycan-Rusiya arasındakı gərginliyi ‘emosional krizis’ adlandıraraq bunun siyasi böhranla əlaqəsinin olmadığını göstərməyə çalışırdı. Əslində isə bu, ideoloji qarşıdurmanın açıq əlamətidir”, – ekspert vurğulayıb.

Şərhçinin sözlərinə görə, Rusiya və Azərbaycan arasında bərabərhüquqlu əməkdaşlığın mümkünsüzlüyünü Putin Düşənbədəki görüşdən sonra Azərbaycanı “rusdilli ölkə” adlandırmaqla nümayiş etdirdi.

“Bu yanaşma Rusiyanın Azərbaycana mədəni-humanitar münasibət deyil, siyasi hegemonluq iddiasının göstəricisidir”, – başqan müavini qeyd edib.

Politoloq əlavə edib ki, araşdırmalar Rusiya–Azərbaycan münasibətlərindəki gərginliyin konkret ideoloji və psixoloji əsaslara söykəndiyini göstərir.

“Azərbaycan 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarından sonra regionun aparıcı dövləti kimi qəbul edilməlidir. Rusiya isə Azərbaycanın yaratdığı yeni reallıqları nə siyasi, nə də psixoloji baxımdan qəbul edə bilir. Bu səbəbdən də münasibətlərin əsaslı normallaşması və inkişafı hələlik mümkün görünmür”, – analitik bildirib.

Siyasi şərhçi hesab edir ki, münasibətlər yalnız o halda bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə yüksələ bilər ki, Rusiya öz dövlət idarəçiliyindəki imperialist düşüncə və şovinist baxışlardan imtina etsin.

“Təəssüf ki, bu, real görünmür. Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik əslində ideoloji qarşıdurmadır və bu problemlərin yalnız səthi siyasi-diplomatik üsullarla həlli mümkün deyil. Münasibətlərin tənzimlənməsi üçün Moskva siyasi kursunda köklü ideoloji dəyişikliklərə getməlidir”, – politoloq vurğulayıb,” – ekspert əlavə edib.
Vüqar Dadaşov həmçinin qeyd edib ki, Rusiya Çar Rusiyası dövründən etibarən xalqların assimilyasiyası və ruslaşdırılması siyasəti aparır və bu prosesdə dil faktorundan siyasi vasitə kimi istifadə edir.

“İnkaredilməz faktdır ki, ‘rus dili’ anlayışı Rusiyanın siyasi və hərbi təzyiq alətinə çevrilib. SSRİ dağılandan sonra Rusiya ‘rusdilli əhalinin müdafiəsi’ bəhanəsi ilə Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal edib. Hazırda da Ukraynadakı müharibəni eyni ideoloji bəhanə ilə həyata keçirir”, – başqan müavini xatırladıb.

Ekspertin sözlərinə görə, 2020-ci ildə Rusiya Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmaq məqsədilə Qarabağa sülhməramlı qüvvələr yerləşdirdikdən sonra Xankəndidə “rus icması”nın yaradılmasına, rus pasportlarının paylanmasına və rus dilinin rəsmi tətbiqinə başlayıb.

“Bəlli idi ki, Rusiya Azərbaycanda da ‘rusdilli əhalinin müdafiəsi’ ssenarisinə hazırlaşırdı”, – deyə o qeyd edib.

Vüqar Dadaşovun fikrincə, Rusiyanın Azərbaycanla barışmaq istəyi zərurətdən irəli gəlir.

“Ukraynada apardığı müharibə nəticəsində Çin, İran və Şimali Koreyadan asılılığı dərinləşən Rusiya üçün Azərbaycan və Türkiyənin rolu balansın qorunması baxımından mühümdür. Rusiya üçün Cənubi Qafqazda mövcudluq, regionun əsas söz sahibi olan Azərbaycanla münasibətlərdən asılıdır”, – politoloq deyib.

Siyasi şərhçi əlavə edib ki, Putin hələ də münasibətləri psixoloji gedişlə istədiyi ritmə qaytaracağına ümid edir.

“Düşənbədəki görüşdə o, Azərbaycan daxilində hakimiyyətə qarşı çevrilişə hazırlaşan keçmiş PA rəhbəri, ‘Rusiya adamı’ Ramiz Mehdiyev haqqında dosyeni təqdim etməklə, guya səmimiyyət nümayiş etdirməyə çalışırdı. Amma bu ‘xoş niyyət’in arxasında Rusiya həm də Qərbə mesaj göndərərək, Azərbaycanda daxili qeyri-sabitliyin mövcud olduğunu göstərməklə ölkənin beynəlxalq münasibətlərinə sədd çəkmək niyyətini daşıyır”, – Vüqar Dadaşov vurğulayıb.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights