Vole Şoyinka -91
Nigeriya dramaturqu, nəsr ustası ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinkanı Bakıda görmüşük. Maraqlı əsərlər müəllifidir. Ölkəsində zindana salınıb. Lakin əsərləri vasitəsilə aparteidə qarşı mübarizəsini aparıb. Şoyinka Nobel nitqini aparteidə qarşı amansız mübarizə aparan cənubi afrikalı Nelson Mandelaya həsr etmişdir.
O, 2016-cı ilin sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib. Vole Şoyinka didərgin düşmüş insanların taleyi ilə bağlı fikirlərini bölüşüb. O, bunun baş verməməsi üçün vacib addımların atılmasının zəruriliyini vurğulayıb:
-“Belə taleyi yaşayan insanlara biganə yanaşmaq olmaz, onlara kömək göstərilməlidir. Bu, harada yaşamasından asılı olmayaraq hər kəsin insanlıq borcudur. Müasir dünyada mövcud olan ekoloji problemlər, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları bəşəriyyəti addım-addım fəlakətə doğru sürükləyir”.
Şoyinka esselərinin birində yazır:
-«İslam və xristianlığa, ərəb və Avropa istilasına qədər afrikalılar gözəgörünməzlə ruhi barışıq yolu ilə gedir, özünün sosial-iqtisadi, ictimai münasibətlərinin harmonik sistemini, öz maddi və mənəvi varlığını dünyagörüşünə uyğun şəkildə qururdu. Hökmran dinlər düşmənçiliyə başlayanda, biz də həmişə öz dəyişməz dəyərləri olan həqiqi inancımıza dönürdük ki, onun da əsas məziyyəti dözümlülük idi. Mən əlbəttə həqiqi dözümü, bütlər haqqında rəvayətlərdə sözü gedən dözümü, bütlərin əzablarını, səhvlərini və doğru yola qayıtmalarını, onların ətraf dünyanın dəyişməsinə necə uyğunlaşmalarını nəzərdə tuturam».
91 yaşın mübarək, dəyəri Vole!
Etibar ƏLİYEV
Fəlsəfə üzrə fəlsəfə doktoru