ELAZ.İNFO xəbər verir ki, Rusiyanın məşhur “Vkusvill” supermarketlər şəbəkəsi və məhsul tədarükçüsü, satılan ördək ətində (“utenok tabaka”) listerioz xəstəliyinə səbəb olan təhlükəli bakteriyaların aşkarlanmasından sonra təcili tədbirlər görüb.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, söhbət ötən ilin noyabr ayında aparılan yoxlamalardan gedir. Bildirilib ki, tədarükçü tərəfindən vaxtında lazımi korreksiyaedici addımlar atılıb:
“Biz bu yoxlamadan xəbərdar idik. Məhsul partiyası artıq dövriyyədən çıxsa da, tədarükçüdən tam məlumat tələb olunub. İstehsalatın bütün mərhələləri təhlil edilib və əməliyyat riskləri qiymətləndirilib.”
Məlumata əsasən, 27 noyabr 2025-ci il tarixində məhsulun istehsalı müvəqqəti dayandırılıb, istehsalat sahələrində növbədənkənar baş təmizlik işləri aparılıb. Həmçinin istehsalat sahəsindən götürülən yeni nümunələrdə listeriya bakteriyası aşkar edilməyib.
“Vkusvill” nümayəndələri qeyd ediblər ki, nümunələr 13 noyabr 2025-ci ildə Oryol şəhərində götürülüb. Uyğunsuzluq barədə rəsmi bildiriş müəssisəyə noyabrın 25-də — yəni həmin partiyanın son istifadə müddəti bitdikdən sonra daxil olub. Bu səbəbdən məlumat daxil olan anda satışda həmin məhsul qalmayıb.
Qeyd edək ki, 26 yanvar tarixində sözügedən quşçuluq fabrikinin daxil olduğu “Russkoe pole” aqroholdinqi hələlik rəsmi sənəd almadıqlarını, lakin mediada yayılan xəbərlər əsasında daxili yoxlamalara başladıqlarını bildirib. Hazırda laboratoriya araşdırmaları mütəmadi olaraq davam etdirilir.
Ruslan MƏMMƏDOV