Bir zamanlar böyük bir idarədə hamının qorxduğu, amma heç kimin sevmədiyi bir adam yaşayırdı. O, kreslosuna elə sarılmışdı ki, sanki toxunsa məhv olacaq, kreslo çəkilsə özü də yoxa çıxacaqdı. Özünü güclü sanırdı… halbuki güclü edən vəzifəsi idi, özü yox. O, insanları hiylə ilə yıxmağı ustalıq, başqasının haqqına girməyi “idarəçilik”, yalan danışmağı “diplomatiya”, başqalarını əzməyi isə “liderlik” hesab edirdi.
Ətrafındakı zəifləri təhqir edir, vicdanını satanları yanına yığır, səsinin tonundan titrəyənləri isə özünün “nüfuzu” sayırdı. Heç vaxt düşünmürdü ki, insanın böyüklüyü başqalarını kiçiltməklə deyil, özünü ucalda bilməklə ölçülür. O, bir müddət rahat yaşadı… çünki qorxan çox idi, danışan az. Hər hiyləsi, hər pisliyi bir az da güc verdiyini sanırdı. Bir-bir haqsızlıq edərək yol açırdı, amma anlamırdı ki, yolun sonu uçurum idi.
Bir gün gecənin bir yarısı qapısına gözləmədiyi bir xəbər gəldi ki, İdarədə böyük yoxlamalar başlayırdı. İllərlə üstünü örtdüyü həqiqətlər tək-tək açılırdı. O, illərlə gizlətdiyi yalanların altında boğulmağa başladı. O gün iş yerinə gəldikdə gördü ki, bir vaxtlar qorxudan danışa bilməyən insanlar indi sakit və arxayın şəkildə ifadə verirlər. Heç kəs qaçmırdı, heç kəs susmurdu. Çünki artıq qorxduqları adamın gücü yox idi, kreslo əlindən gedəndə onun da səsi sönmüşdü.
Ən çox incitdiyi, şərləyib işdən uzaqlaşdırdığı bir əməkdaş komissiyanın qarşısında sakitcə dayanıb dedi, “İnsanları qorxutmaq onların zəifliyi deyil, sənin kiçikliyindir. İnsanın gücü kreslosunda deyil, ədalətindədir.” Bu sözlər otaqda öyle bir sükut yaratdı ki, sanki illərlə yığılan bütün ahlar o bir cümləyə sığmışdı.
Hiyləgər rəhbər həmin gün təkcə vəzifəsini deyil, illərlə qurduğu yalan imperiyasını da itirdi. Qapıları onun üzünə tək-tək bağlanırdı. Əvvəllər yanında fırlanan “dostların” isə indi onu tanımırmış kimi davranırdı. O zaman anladı ki, qorxu ilə yanına toplanan adamlar səninlə yox, kreslonla dost olur.
Vəzifə gedəndə geriyə yalnız bir şey qalır, Vicdanın. O isə illər əvvəl bunu itirmişdi və heç fərqinə belə varmamışdı.
Zaman keçdi… İnsanlar onu yada salanda belə deyirdilər, “Güc onda yox idi. Güc onun gizlətməyə çalışdığı həqiqətlərin içində idi.” “Vəzifə verdiyi səs bitəndə özü səssiz qaldı.”
Həyatın ən böyük ibrəti budur ki, İnsanın öz qurduğu hiylə divarları gün gəlir onun üstünə uçur.
Vicdanınla ucalmadığın heç bir zirvə əbədi deyil.
Əli İbrahimov