Elaz.info Milli Məclisə istinadən bildirir ki, Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikası Milli Assambleyası sədrinin müavini, Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Amerika Valentina Peres Davila ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib.
Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu, əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Qeyd edilib ki, qarşılıqlı səfərlər bu imkanların müzakirəsi baxımından faydalıdır. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən ali və yüksək səviyyəli səfərlərin müstəsna rolu diqqətə çatdırılıb.