Vaşinqtonda “Müstəqillik tağı” abidəsi qoyulacaqmı?

Tramp ABŞ-ın müstəqilliyinin 250 illik yubileyinə Vaşinqtonda “Müstəqillik tağı” abidəsini qoymaq istəyir. Abidənin layihəsi Harrison Design studiyası tərəfindən artıq hazırlanıb (şəkildə).

– Abidə üçün təklif olunan iki hündürlüyü – 165 fut (50,3 m) və 123 fut (37,5 m) – Tramp rədd etmiş və yubileyin şərəfinə 250 fut (76,2 m) sifariş vermişdi. Bu halda o Ağ Еvdən (~70 fut), Abraham Linkoln memorialından (~100 fut) və digər tarixi tikililərdən də hündür olacaq. Hündürlükdə yalnız Corc Vaşinqton abidəsinə (~555 fut) uduzacaq.

Lakin abidə ilə bağlı 2 problem var:

– müddət (4 iyunadək);

– xərclər (~$400 milyon).

Trampın planlaşdırdığı “möhtəşəm” bayram tədbirlərinin başlanmasına 4 ay qalıb. ABŞ-da belə sürətlə tikinti işini başa çatdırmaq qeyri-mümkün görünür – sənədləşdirmələr uzun çəkən prosesdir. Prosesi sürətləndirmək üçün Tramp özü məsələyə qarışmalıdır, ya da çinliləri dəvət etməlidir. ABŞ-ın möhtəşəmlik abidəsini çinlilərin tikməsi məzəli olardı.

Demokratlar Trampın təşəbbüsünə qısqanclıqla baxır, abidənin seçki ilində onun üçün PR aksiyası olduğunu düşünürlər. Şərti adı “Müstəqillik tağı” olsa da, aydındır ki, hamı onu “Tramp tağı” adlandıracaq. Buna görə də demokratlar Konqresdə bu abidənin tikintisinə pul ayrılmasına mane olacaqlar. Bəs Konqres pul ayırmasa, abidənin taleyi necə olacaq?

Tramp artıq bildirib ki, Konqres pul ayırmasa da abidənin tikilməsinə nail olacaq – onu ianələr hesabına tikəcək.(?) Belə qısa müddətdə $400 milyon ianə yığmaq mümkün deyil. Güman ki, yenə milyarder dostları/sponsorları onun köməyinə gələcəklər.

Xatırladıram ki, həmin dostlar son bir ildə bir neçə dəfə onun köməyinə gəliblər:

-1 oktyabrdan başlayan 45 günlük şatdaun müddətində ABŞ ordusunun xərclərini sponsorlar ödəmişdi:

-Tramp Ağ Evin şərq hissəsini söküb, orada böyük bal zalı düzəldir. Bu işlərin xərcini də dostları/sponsorları ödəyir.

Qəribə bir vəziyyət yaranıb. Dövlətin ordusunu, dövlət tikintilərini adları anonim saxlanılan şəxslər maliyyələşdirir. Sual oluna bilər:

onlar kimdirlər – hansı ölkədəndirlər?

onlar nəyin müqabilində bunları edirlər?

Hələ Trampın 6,7 metrlik qızıl heykəlinin qoyulması layihəsi də var. Heykəl artıq hazırdır. Onun da xərcini (~$400 min) Trampın dostları/sponsorları ödəyiblər. Heykəlin harada qoyulacağı hələlik elan olunmayıb. Şayiələrə görə, dekabrda G20 sammitinin keçiriləcəyi Mayaminin Trump National Doral sarayında qoyulacaq.

Dekabr ayında Kennedi Mərkəzini Tramp-Kennedi Mərkəzi etdilər.

Zəngəzur dəhlizi də Trampın adına (TRIPP) dəyişdirildi.

İndi Zohran Mamdanidən tələb edir ki, Nyu Yorkda Pensilvaniya vağzalına və Dallas hava limanına Trampın adını versin. Hələlik Zohran razı olmur. Amma Zohrana vədlərini yerinə yetirmək üçün federal büdcədən subsidiyalar lazımdır – alver olacaq, yəqin.

Beləliklə, ABŞ-da tramplaşdırma iri addımlarla irəliləyir.

Adətən, bu tip tağlar hansısa qələbə şərəfinə tikilir. Yəqin, Tramp da 4 iyunadək bir hoqqa çıxardıb, hansı ölkəyəsə qalib gəlmək istəyir. Bu İranı dağıtmaq olmasa, Qrenlandiyanı birləşdirmək olmasa, Kubanı ram etmək olmasa, hansısa bədbəxt cırtdan ada ola bilər. Bəlkə də heç nə olmasa, Panamanı birləşdirməyi ehtiyat variant kimi saxlayıb.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights