Ağasəf İmran adı gələndə sözün həqiqi mənasında, tanıdığım, bildiyim adamlar içərisində varlığına sevindiyim, ömrünə dua etdiyim, tanıdığıma şükür etdiyim elm və söz insanini görürəm. Təbəssümü ilə ətrafındakılara sevinc paylayan nurani bir insan, öyüdlərini-nəsihətlərini əsirgəməyən müdrik ağsaqqal, dar gündə ona sığınanı darda qoymayan möhtərəm dost, xalqı üçün ömrünü elmə, təhsilə və tədrisə həsr etmiş nurani bir ziyalı – iqtisadçı alimdir Ağasəf müəllim.
Ağasəf müəllimin özündən, sözündən, yaradıcılığından bəhs etmək səhifələrə sığmaz. Hələ Onun şəxsiyyətini izah etməyə söz tapılmaz desəm, sözümün səmimiyyətinə inanmağınızı bütün qəlbimlə istəyərəm. Ağasəf müəllim, sözün əsl mənasında, əsl İnsandır. Mənim həyatda gördüyüm təmənnasız ziyalıdır, vətənpərvər şəxsiyyətdir, arı kimi zəhmətkeşdir. Ağasəf müəllim narındır –incikliyini əsla biruzə verməz, zərifdir- kimsənin qəlbinə dəyməz, bacardığı qədər ondan kömək umanların əlindən tutar. Belə bir gözəl insani xüsusiyyətlərə malik olan ziyalının şeir aləmində olması təqdirəlayiqdir. Şairlər belə olur-desək, cəmiyyətdə rəğbət qazanmış olarıq.
Bu günlərdə Ağasəf İmranın“Həyatnamə”divanı ilə tanış oldum və fərəhləndim. Kitabda verilmiş yığcam ifadələr, məna dərinliyi və fəlsəfi məzmun adamı düşündürür və mənəvi qidalandırır. Bu isə fərəhləndirici haldır, çünki onların hər biri, mahiyyətcə, həyata çağırışdır. Ağasəf müəllimin yaradıcılığı ilə bağlı söz yazmaq mənim üçün qürurdur, sevincdir, mükafatdır. Verdiyi bu dəyər üçün Ağasəf müəllimə təşəkkür edir və qısa da olsa onun yaradıcılığından bəhs etmək istəyirəm.
Ağasəf müəllim həyatda dərdini-ələmini aləmə car çəkən insanlardan deyil. Gördüklərini gözünə gömən, fəryadını içində boğub həbs edən, dərdinə-qəminə bağrında yuva tikib saxlayan bir insandır. Sözün əsl mənasında, müdrikliyin simvoludur bu el ağsaqqalımız. Bu kimi dəyərlər onun yaradıcılığından da yan ötməyib. “Bilməmişəm” adlı şeirində yaşadığı bu hisslərini belə izah edir:
Həyat məni çox sınayıb – sıxılmışam, əzilmişəm,
Çətinlikdə, dar ayaqda, haray-fəryad, bilməmişəm!
Ağasəf müəllim, Tanrını, insanı, insanlığı, kainatı bütün qəlbiylə sevən, ona diqqət və nəvaziş göstərən bir insandır. Böyük Qüdrətin yaratdığı kainatın zərrəsindən belə ilham alan şair, bu gözəllikləri dəyərləndirir və o gözəlliklər qarşısında Tanrıya bütün qəlbi ilə sitayiş edir. Şairin “Salam verdim” adlı şeirini oxuyanda, Dünyanın bu ağrılı-acılı, təlatümlü zamanında bütüm ruhuma həzinlik gəldi, sakitləşdim. Şeirin son sətrinin bitdiyi an gözlərimi qıyıb, iş otağımdakı pəncərədən ətrafı seyr etdim. Yanaşı tikilmiş, baş –başa vermiş evlər sanki bir-birinə sığınmışdı. Ağaclar çətir tutmuşdu yollarda, evlərin həyətində. Bütün bu gözəlliklər ana torpağın sinəsində qərar tutmuşdu. Sanki gözəlliklər məni salamlayırdı. Tək kəlmə ilə-gözəldir-dedim; ana təbiət də, bu təbiəti vəsf edən şeir də. Bu şeirdən bir parçanı sizə təqdim edirəm:
Erkən qalxıb yuxudan,
Üfüqə salam verdim!
Yeni qızaranda dan,
Şəfəqə salam verdim! (“Salam verdim”)
Ağasəf İmranın din, iman, əqidə ilə bağlı çox dərin mənalı və ibrətamiz şeirləri əslində həyatımızın və reallığımızın, dini və elmi təfəkkürümüzün bədii ifadəsidir. Allahın ucalığını, Onun yenilməz qüdrət sahibi, yaradan və yaşadan olmasını bu şeirlərdə aşkar görmək olar. Onun bütün yazılarında xeyir-şər, doğru-yalan, halal-haram, yaxşı-pis, işıq-zülmət, paklıq-çirkab təzadlarından doğan tarazlıqlar, onların insan mənəviyyatına təsiri çox güclü bədii obrazlarla verilir.
Şair yaşının müdriklik çağındadır. Bu çağda təbii ki, həyatda gördüklərindən nəticə çıxarmağı gənclərə-yeni nəslə tövsiyyə etməlidir, onların yanlış yollardan uzaq durmaları üçün onlara öyüd nəsihət verməlidir, çətinliklərdən qorxmamağı tövsiyyə etməlidir, həyatın onları gözləyən sınaqlarına hazır olmağı onlara söyləməlidir. “Soruş” şeiri bu baxımdan olduqca səciyyəvidir:
Cavansan, yolunda hələ astasan,
Düşünmə hər şeyi bilən ustasan,
Həyat məktəbini bilmək istəsən,
Həyatın gedişin biləndən soruş!
Qarşımda ana sevgisinə həsr olunmuş bir şeir var. Gözlərim misralar üzərində maraqla gəzir. Bu şeirdə isti ana qucağının, nəvazişli ana əllərinin, qayğılı ana ürəyinin izahını verən bir istilik, bir hərarət gördüm. Anasına bağlı olan bir övladın onu necə sevdiyinin aydın təsviri ilə qarşılaşdım:
Gəl dağlama ürəyimin başını,
Sən ağlama, mən ağlaram, anacan!
Yalvarıram sil gözünün yaşını,
Sən ağlama, mən ağlaram, anacan! (“Anacan”)
Ağasəf müəllimin yaradıcılığında rübailər əsas yer tutur. Bəlkə də, Ağasəf müəllim müasir dövrümüzün rübai ustasıdır desəm, məncə, yanılmaram. Ədəbiyyatın bütün sahələrinə, təbiət gözəlliklərinə, ümumilikdə kainata, insanlığa, dinə, əqidəyə həsr edilmiş rübailər mövzuca rangarəng olsalar da, mahiyyətcə eyni mənsəbə qulluq edir; kamil insan obrazı şairin əsas hədəfidir. Bu məqamda bir rübaiyə diqqət yetirsək, məqsədimizdən uzaq düşməmiş olarıq:
Əsli – nəcabəti, kökü olmayan,
Olarmı kasıba – yoxsula hayan?
Əksinə, tamahı – nəfsi ucundan,
Çalışar hamıya yetişsin ziyan!
Mənsub olduğu xalqını ürəkdən sevən, onun adət-ənənlərinə bağlı olan şair, eyni zamanda xalqının musiqisinin də, tarının-kamanının, tütəyinin-sazının da vurğunudur.
Yaltaqlıq, rüşvət, mənsəbpərəstlik, xəbislik, riyakarlıq, klassik şeirimizdə olduğu kimi şairin əsas tənqid hədəfləridir. Mənsəb və sərvət naminə hər cür alçaq əməllər törədən məmurlara etiraz, xəbisliyə və riyakarlığa nifrət şairin əsas silahıdır:
Xəbis üzə gülür, dostunam deyə,
Sənin zəhmətini sovurur göyə,
Kəsir çörəyini – verir özgəyə.
Alçağa – alçaqsan!- deyən tapılmır! (“Tapılmır”)
Ağasəf müəllimin yaradıcılığından bəhs edərkən onun satira və təmsillərindən yan keçmək olmaz. Bir-birindən mənalı, atmacalı, mövzuca dərin təmsillər müasir dövrün çirkinliklərini mənalı bir şəkildə oxucuya anladır.
Ağasəf müəllim müxtəlif aspektdən yanaşaraq uşaqlara həsr edilmiş çoxsaylı şeirlər qələmə almışdır. Bu şeirlər dünyanın yeni sakinlərinin büllur kimi saflığını özündə əks etdirməklə yanaşı, bütün insanları bu körpə mələkləri qorumağa səsləyir.
Şairin şeirlərində bəyan olunur ki, yaşanan hər ömür, Ulu Tanrının bizə hədiyyəsidir və biz həyat həqiqətlərini təfəkkürümüzün gücü və elmimizin qüdrəti ilə görə bilərik. Bu şeirlərdə biz Tanrıya, cəmiyyətə, elmə və təfəkkürə verilən ən yüksək qiyməti görürük!
Şərqin dahi şairləri Xaqani, Nizami, Füzuli, Sədi Şirazi, Ömər Xəyyam kimi söz ustadları, öz əsərləri ilə çox dəyərli və fəlsəfi fikirlər söyləmiş, nəsillərə ibrət dərsi vermişlər. Lakin, onların yaşadıqları dövrlərdə kütləvi qırğın silahları olmamış və bu səbəbdən də dünyamızı məhv edə biləcək bu bəlanı görə bilməmişlər. Dünyanın sahibi olduğumuzu, qurub-yaradan və dağıdan da özümüz olduğumuzu dərk edən müəllif, zamanın nəbzini tutaraq, haqlı olaraq sual verir: özümüz dağıdarıqsa, dünyamızı kim qoruyar?! Onun əksər şeirlərində çox böyük fəlsəfi dərketmə və reallığı qiymətləndirmə vardır.
Kitabın “Arzunamə” bölməsində əməkdaşlıq etdiyi və yaxından tanıdığı dost-tanışları, elm, mədəniyyət və incəsənət adamları barədə dediyi səmimi arzular, həmin adamları oxuculara da sevdirəcək səviyyədədir. Onun, heç vaxt dərc etdirmədiyi mənalı və rəvan mahnılarının, lirik, satirik, sərbəst və mənsur şeirlərinin də kitaba daxil edilməsi təqdirə layiqdir!
“Həyatnamə ”iki kitabdan ibarətdir. Birinci kitaba (nəzm) daxil edilmiş bölmələr aşağıdakılardır: Qəzəllər; Rübailər; Bayatılar; Dördlüklər; Deyimlər; Duyğular; Qarğışlar; Adsız sətirlər; Sərbəst şeirlər; İlk şeirlər; Lirika; Qəm lirikası; Satira; Mahnılar; Mənsur şeirlər; Təmsillər; Uçan çiçək (uşaqlar üçün); Həyətim-bağçam; Mən böyüyəndə; Dostluq şarjı; Arzunamə.
“Həyatnamə”nin ikinci kitabında- nəsr bölməsində Povest və hekayələr, Esselər, Kiçik pyeslər, Publisistk məqalələrdən nümunələr, Şəcərə ağacı, Səyahət və təəssüratlar, Rəylər və s. yazılar verilmişdir.
Qeyd edim ki, bütün nəsr əsərləri də poetik bir dildə yazılmışlar.
Məncə, bu məqamda Sizi Ağasəf müəllimin yaradıcılığı ilə baş-başa qoysam daha düzgün olar. Bu kitab, Ağasəf İmranın həm özü, həm də sözüdür. Çox istərdim ki, oxucular ”Həyatnamə” kitabı ilə tanış olsunlar və ondan bəhrələnsinlər. İnanıram ki, kitabdakı nəzm və nəsr əsərləri oxucuların zövqünü oxşayacaq və onlar həm kitabı, həm də müəllifi sevəcək, onun fəlsəfi və bədii təfəkkürünü vəhdətdə birləşdirən istedadını layiqincə qiymətləndirəcəklər.
İlahə BAYANDUR
Tədqiqatçı