Qulamhüseyn ƏLİBƏYLİ
Siyasi şərhçi
Azərbaycanda mühakimə olunmuş 4 erməninin, xüsusən də soyqırım cinayətinə görə mühakimə olunmuş Vaqif Xaçaturyanın cəzasını çəkmək üçün Ermənistana təhvil verilməsi cəmiyyətin narazılığına səbəb olub. 1989-1993-cü illərdə erməni silahlı dəstələrinin rus ordusunun köməyi ilə Azərbaycan ərazilərini işğal etməsi və işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, o cümlədən Xocalı, Meşəli və digər yerlərdəki soyqırım cinayətlərini xatırlayanda bu narazılığı haqlı və başa düşülən hesab etmək olar. Cəmiyyətin narazılığı həm emosional və həm də soyuq məntiqi yanaşmanı ifadə edir. Ona görə emosionaldır ki, Azərbaycan cəmiyyəti ermənilərin törətdiyi vəhşilikləri və cinayətləri unutmayıb və hələ uzun müddət də unutmayacaq. Bu baxımdan bütövlükdə cəmiyyətdə həmin vəhşilikləri və cinayətləri törədən konkret şəxslərə qarşı qəzəb və nifrət var.
Ermənilərin təhvil verilməsinə cəmiyyətin narazılığı ona görə məntiqidir ki, cinayət törədən şəxsin mühakimə olunması və cəzalandırılması cəmiyyətdə ədalət anlayışı ilə assosiasiya olunur. Yəni bütövlükdə cəmiyyət cinayət törədən şəxsin dövlət tərəfindən mühakimə olunaraq cəzalandırılmasını və cəzasını tam şəkildə çəkməsini daha ədalətli hesab edir.
Əlbəttə dövlətlərarası münasibətlərdə cinayət törətdiyinə görə başqa dövlətin ərazisində mühakimə olunmuş şəxslərin cəzasını çəkmək üçün vətəndaşı olduğu dövlətə təhvil verilməsi halları olur və gələcək də olacaq. Bu barədə həm Azərbaycanın və həm də Ermənistanın iştirakçısı olduğu Avropa konvensiyası var. Lakin bu Konvensiyaya görə cinayətkarın təhvil verilməsi dövlətin məcburi öhdəliyi yox, hüququdur. Bu məsələ dövlətlərarası qarşılıqlı razılaşma ilə həll edilir. Yaxın tariximizdə Azərbaycan bir neçə dəfə mühakimə etdiyi erməni cinayətkarları Ermənistana təhvil verib. O cümlədən Ermənistanda mühakimə olunan şəxslərin də Azərbaycana təhvil verilməsi halları vardır.
Ona görə də bu dəfəki təhvil verməni dövlətlərarası münasibətlər kontekstində başa düşmək olar. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin daha çox narazılığını səbəb Xocalı canisi kimi tanınan şəxslərdən biri olsan Vaqif Xaçaturyanın təhvil verilməsidir. Vaqif Xaçaturyan 2 xüsusilə ağır cinayət əməlinə – soyqırım və əhalini deportasiya etmə və ya məcburi köçürməyə görə mühakimə olunub. Hər 2 cinayət sülh və insanlıq əleyhinə ağır cinayət hesab olunur və bina görə də Azərbaycan tərəfi onu təhvil verməyə bilərdi. Digər tərəfdən isə Vaqif Xaçaturyan Azərbaycan vətəndaşı olub. Bu da onun Ermənistana təhvil verilməsinə mane olan hal kimi qiymətləndirilə bilərdi.
Ona görə də Vaqif Xaçaturyanın Ermənistana verilməsi gələcəkdə digər erməni canilərinin verilə biləcəyinə president kimi qiymətləndirilə bilər. Ümid edək ki, ağır cinayətlərə görə məhkum olunmuş digər ermənilərin verilməsi məsələsi bir daha olmayacaq.