Vahid Suriya yalnız xəritələrdə qalıb… hələlik

İsrailin məqsədi Qərbin məqsədindən bir qədər fərqlənir. İsrail qonşuluğunda onunla münasibətləri yaxşılaşdırmaq istəsə belə, güclü mərkəzi hakimiyyətə malik dövlətin olmasını istəmir.

O, Suriyada mərkəzi hakimiyyəti zəiflətmək, ölkəni parçalamaq, balkanlaşdırmaq istəyir. Məhz buna görə İsrail və ABŞ-ın “dərin dövləti” Suriyadakı radikal təkfirçi qüvvələri müdafiə edir. Çünki bilirlər ki, belə qüvvələr hakimiyyətə gələn kimi mərkəzləşdirilmiş hakimiyyəti tam dağıdacaqlar. Onlar əvvəl dövlət strukturunu dağıdacaq, sonra da sosial institutları məhv edəcəklər – onların ideologiyasına uyğun olmayan konfessiyaları, millətləri terrora məruz qoyacaq, ölkədəki 20-yə yaxın etnik qrup və konfessiya bir-birinə düşmən olacaq, hamını birləşdirən “suriyalı” anlayışı aradan qalxacaq. Bu isə ölkənin parçalanmasının ilk simptomudur.

Vahid dövlət əvvəl beyinlərdə ortaq kimliklə yaranır, sonra isə bu əmələ çevrilib, xəritədə şəkillənir. Əksi də eyni cür baş verir – əvvəl ortaq kimlik itir, mikrokimliklər qabardılır, sonra da yavaş-yavaş mərkəzləşmiş dövlət yoxa çıxır. Yeri gəlmişkən, bu düstur bizə də aiddir.

Məhz bu da baş verdi. Əl-Colani hakimiyyətə gəldikdən sonra dövlət strukturları məhv edildi, İsrailin köməyi ilə Suriya ordusunun bütün infrastrukturu, xüsusən də strateji silahları darmadağın edildi, sonra hakimiyyət ələvilərə, şiələrə, xristianlara və druzlara qarşı soyqırımına başladı. Sadə kürdlər də haqlı olaraq belə hökumətlə barışmaq istəməzlər. Hər şey plan üzrə gedir… Bu artıq vətəndaş müharibəsidir. İsrail Suriyada belə vəziyyəti mümkün qədər uzatmaq istəyəcək ki, ölkədə millətlər və konfessiyalar arası nifrət dərinləşsin, nəsillərə ötürülsün və Suriya bir daha birləşməyəcək mini dövlətlərə parçalansın.

Hazırda Suriyada vəziyyət məhz belədir. Suriyalı kimliyi artıq yoxdur, ələvi, şiə, druz, kürd, sələfi və sair kimlikləri var. Mərkəzi hakimiyyətə heç bir etimad qalmadığından hər kiçik etnik və ya konfessional qrup özünə xarici dövlətdən müdafiə axtarır. Məsələn, Colani bədəviləri (isidiciləri) druzlara cəza vermək üçün göndərir, druzlar isə İsraildən kömək istəyirlər.

Buna görə də artıq suriya xalqı yoxdur, Suriya dövləti də yoxdur… Vahid Suriya yalnız xəritələrdə qalıb… hələlik.

Suriyanın taleyi həll edilib:

-Onu Davud körpüsü ilə xaricdən təcrid edəcəklər:

Xaricdən təcrid olunmuş təkfirçilər əvvəl bütün digər konfesssiya mənsublarını qıracaq, sonra resurs çatışmazlığından özləri də müxtəlif sektalara parçalanıb bir-birini qıracaqlar. Bu ssenarini düzüb-qoşan Qərb sonda xilaskar kimi gəlib, axırıncı vəhşiləri gəbərdəcək və strateji əraziyə sahib olacaq:

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights