Azərbaycanda hüquq-mühafizə sistemində köklü dəyişikliklərin gündəmə gəlməsi təsadüfi deyil, bu, uzun illər ərzində formalaşmış institusional modelin təkmilləşdirilməsi zərurətindən irəli gələn obyektiv bir prosesdir. Mövcud sistemdə istintaq səlahiyyətlərinin müxtəlif dövlət qurumları arasında bölüşdürülməsi müəyyən mənada ixtisaslaşmanı təmin etsə də, praktiki müstəvidə bir sıra ciddi problemlərə yol açır. Paralel araşdırmaların aparılması, eyni hadisə üzrə müxtəlif qurumların fərqli yanaşmalar sərgiləməsi, səlahiyyət bölgüsündə qeyri-müəyyənlik və ən əsası koordinasiya çatışmazlığı hüquqi proseslərin effektivliyinə birbaşa təsir göstərir. Bu baxımdan, vahid istintaq orqanının yaradılması ideyasının yenidən aktuallaşması hüquqi sistemin inkişafının məntiqi davamı kimi qiymətləndirilməlidir.
Hazırda Azərbaycanda ibtidai istintaq və araşdırma funksiyaları Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kimi müxtəlif qurumlar tərəfindən həyata keçirilir. Bundan əlavə, bəzi xüsusi sahələr üzrə Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi daxilində də araşdırma səlahiyyətləri mövcuddur. Bu çoxşaxəli struktur ilk baxışda geniş imkanlar yaratsa da, reallıqda resursların parçalanmasına, kadr potensialının səmərəsiz istifadəsinə və hüquqi prosedurların vahid standart üzrə tətbiq edilməməsinə səbəb olur.
Planlaşdırılan Dövlət İstintaq Komitəsinin yaradılması isə bu problemlərin aradan qaldırılmasına yönəlmiş sistemli bir yanaşma kimi çıxış edir. Bu modelə əsasən, istintaq funksiyalarının böyük hissəsinin vahid mərkəzdə cəmlənməsi nəzərdə tutulur ki, bu da xüsusilə iqtisadi cinayətlər, vəzifə səlahiyyətlərindən sui-istifadə halları, maliyyə pozuntuları və digər mürəkkəb kateqoriyalı işlərin daha peşəkar və koordinasiyalı şəkildə araşdırılmasına imkan verə bilər. Belə bir strukturun yaradılması istintaq prosesində operativliyin artırılmasına, sübutların toplanması və qiymətləndirilməsində vahid metodologiyanın tətbiqinə, həmçinin hüquqi prosedurların standartlaşdırılmasına şərait yarada bilər.
Digər mühüm məqam isə institusional müstəqillik məsələsidir. İstintaq funksiyalarının icraedici hakimiyyət orqanlarından müəyyən dərəcədə ayrılması və müstəqil qurumda cəmlənməsi hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bu, həm istintaqın obyektivliyini artırır, həm də ictimai etimadın güclənməsinə xidmət edir. Eyni zamanda, vahid qurum daxilində ixtisaslaşmış istintaq bölmələrinin yaradılması konkret sahələr üzrə daha dərin və peşəkar araşdırmalar aparılmasına imkan verə bilər.
Beynəlxalq təcrübəyə nəzər saldıqda oxşar modellərin bir sıra ölkələrdə tətbiq edildiyini görmək mümkündür. Rusiyada fəaliyyət göstərən İstintaq Komitəsi prokurorluqdan ayrılmış müstəqil istintaq orqanı kimi çıxış edir və cinayət işlərinin araşdırılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirir. Qazaxıstanda da analoji yanaşma tətbiq olunaraq istintaqın vahid strukturda təşkili təmin edilib. Bu təcrübələr göstərir ki, mərkəzləşdirilmiş istintaq modeli düzgün qurulduğu halda həm operativliyi artırır, həm də hüquqi proseslərin keyfiyyətini yüksəldir. Lakin belə bir islahatın həyata keçirilməsi yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmamalıdır. Əsas məsələ hüquqi bazanın dəqiq və mükəmməl şəkildə formalaşdırılmasıdır. Cinayət-Prosessual Məcəlləyə, “Prokurorluq haqqında” qanuna və digər normativ hüquqi aktlara müvafiq dəyişikliklərin edilməsi, səlahiyyət bölgüsünün aydın şəkildə müəyyənləşdirilməsi, yeni qurumun fəaliyyət prinsiplərinin qanunvericiliklə tənzimlənməsi vacib şərtlərdəndir. Eyni zamanda, kadr siyasəti, peşə hazırlığı, etik standartlar və daxili nəzarət mexanizmləri də bu islahatın uğurunu müəyyən edən əsas amillər sırasındadır. Digər tərəfdən, bu cür mərkəzləşmə müəyyən riskləri də özündə ehtiva edir. Səlahiyyətlərin həddindən artıq cəmləşməsi nəzarət mexanizmləri zəif olduqda sui-istifadə hallarına yol aça bilər. Bu baxımdan, yeni yaradılacaq qurum üzərində effektiv parlament və məhkəmə nəzarətinin təmin olunması, şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Dövlət İstintaq Komitəsinin yaradılması ideyası Azərbaycan hüquq-mühafizə sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu addım düzgün hüquqi və institusional əsaslar üzərində qurulduğu təqdirdə istintaq prosesinin daha səmərəli, obyektiv və çevik həyata keçirilməsinə, eləcə də vətəndaşların ədalət mühakiməsinə inamının artmasına mühüm töhfə verə bilər. Bununla belə, islahatın uğuru onun həyata keçirilmə mexanizmlərindən, hüquqi təminatından və ən əsası insan faktorundan, peşəkar, vicdanlı və prinsipial kadrların cəlb olunmasından birbaşa asılı olacaqdır.
Əli İBRAHİMOV