Modern İnkişaf və Ailə İctimai Birliyi ilə Dayaq Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən martın 10-da birgə təşkil edilən iftar süfrəsində 200 nəfərə yaxın şəhid ailəsi və qazilər, eləcə də müxtəlif ictimai-siyasi xadimlər iştirak etdi.
Tədbirdə açılış nitqini Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Xanım Quliyeva söylədi.
O, dövlət başçısı İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və qazilərlə bağlı xüsusi diqqətini, qayğısını da xüsusi olaraq vurğuladı. Sonra Dayaq Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxış edərək, təşkilatın məqsəd və fəaliyyətlərini iştirakçılara təqdim etdi.
Tədbirdə həmçinin, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Vüqar İsgəndərov, Elman Nəsirov, Müşfiq Məmmədli, Hicran Hüseynova, Məlahət İbrahimqızı və Kamilə Əliyeva çıxış edərək, şəhid ailələrinə və qazilərə göstərilən dövlət dəstəyi ilə bağlı fikirlərini bölüşdülər.
Tədbirdə iştirakçılar birgə iftar açaraq, həmrəylik və qarşılıqlı dəstək mesajları verdilər.
Modern İnkişaf və Ailə İctimai Birliyi və Dayaq Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən təşkil olunan bu növ sosial layihələr, ölkəmizdəki müharibə qazilərinin və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması və onlara dəstəyin göstərilməsi məqsədini güdür.
Elmira RƏHİMOVA