ELAZ.İNFO xəbər verir ki, bu gün uzaq səfərlər kapitanı Əhməd Qocayev 70 illik yubileyini qeyd edir. Ömrünü dənizçiliyə, peşəsinə və insanlara xidmətə həsr edən kapitanın həyat yolu zəhmətin, məsuliyyətin və sədaqətin parlaq nümunəsidir. Əhməd Qocayevin 70 illik yubileyi münasibətilə onun həyat və fəaliyyətindən bəhs edən yazını oxuculara təqdim edirik.
İnsan ömrü bəzən sakit bir çay kimi axır, bəzən də coşqun dalğalarla mübarizə aparan bir gəminin taleyinə çevrilir. Elə insanlar var ki, onların həyat yolu dəniz kimi sonsuz, üfüqləri kimi geniş olur. Bu gün 70 illik şərəfli ömür yolunu qeyd edən uzaq səfərlər kapitanı Əhməd Qocayev məhz belə insanlardandır.
Əhməd müəllimlə bizi təkcə uşaqlıq illəri deyil, qonşuluq, dostluq və dəniz sevgisi bağlayır. Həyatımın ən mühüm qərarlarından biri olan dənizçilik peşəsini seçməyimdə onun əvəzsiz rolu olub. Bu gün geriyə baxanda anlayıram ki, məni dənizlə tanış edən, bu müqəddəs peşənin gözəlliyini sevdirən insan məhz Əhməd kapitan idi. Bu səbəbdən onun yubileyi mənim üçün də əziz və unudulmaz gündür.
Ağdaş rayonunun zəhmətkeş insanları ilə tanınan Ləki qəsəbəsində, çoxuşaqlı bir ailədə dünyaya göz açan Əhməd Qocayev uşaqlıqdan zəhmətin, dürüstlüyün və halal çörəyin qiymətini öyrəndi. Sonralar taleyi onu Bakıya gətirdi. Burada dənizçilik məktəblərində təhsil aldı, biliyini artırdı və arzularının ardınca gedərək Novorossiysk Ali Dənizçilik Məktəbində peşəkar dənizçi kimi formalaşdı.
Lakin kapitan olmaq təkcə diplom almaq deyil. Kapitan olmaq illərlə çəkilən zəhmət, sonsuz məsuliyyət, fırtınalarla üz-üzə dayanmaq, yüzlərlə insanın taleyini etibarla qorumaq deməkdir. Əhməd Qocayev bu zirvəyə şagird dənizçidən başlayaraq pillə-pillə yüksəldi. Hər vəzifədə vicdanla çalışdı, peşəsinə sədaqət göstərdi və nəhayət, uzaq səfərlər kapitanı kimi böyük hörmət qazandı.
Onun rəhbərlik etdiyi gəmilər müxtəlif qitələrin limanlarına yan aldı. Dünya okeanlarının nəhəng dalğaları, saysız-hesabsız dənizlər, müxtəlif ölkələrin sahilləri onun həyat kitabının səhifələrinə çevrildi. O, təkcə coğrafi məsafələri deyil, insanlara olan hörməti, dostluğu və peşəkarlığı ilə də könülləri fəth etdi.
Əhməd kapitan ailəsinə də eyni məsuliyyətlə yanaşdı. Üç övlad böyüdərək onlara düzgünlük, əməksevərlik və vətənə bağlılıq kimi ən gözəl dəyərləri aşıladı. O, həm nümunəvi ailə başçısı, həm də gənc dənizçilər üçün örnək kapitan oldu.
Bu gün 70 yaşın zirvəsində dayanarkən onun arxasında zəngin həyat yolu, saysız-hesabsız xatirələr, minlərlə dəniz mili və ən əsası, insanların qəlbində qazandığı böyük hörmət dayanır. Belə ömür illərlə deyil, görülən işlərlə ölçülür.
Əziz dostum, hörmətli kapitan Əhməd Qocayev!
Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.


Uşaqlıqda yadındamı ? “ Əhməd bura vur..”
“ Bıjı.. Bıjı .. sənin qırmızı qulluğunda..” keçdı o günlər..
Bunlarıda sadəcə xatırladım..
Arzu edirəm ki, ömrünüzün bundan sonrakı illəri də sakit dənizlər kimi aydın, üfüqlər kimi geniş, küləklər kimi sərbəst və günəşli olsun. Allah Sizə möhkəm can sağlığı, uzun ömür, ailənizlə birlikdə xoşbəxt və firavan günlər nəsib etsin.
Sizin keçdiyiniz həyat yolu gənc dənizçilər üçün məktəb, dostlarınız üçün sədaqət nümunəsi, ailəniz üçün isə qürur mənbəyidir.
70 yaşınız mübarək, Əhməd kapitan!
Qoy həyat gəminiz bundan sonra da yalnız xoş küləklərlə irəliləsin, səadət limanlarından heç vaxt ayrılmasın. Adınız hər zaman dənizçi şərəfi, insanlıq ləyaqəti və dostluq sədaqəti ilə birlikdə çəkilsin.




Yubileyiniz mübarək!
Sakit MALİKOV


