ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda “Seyid Əzim Şirvani. Ustadi-Əzəm” bədii-sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur. Dahi şairin 190 illik yubileyinin təntənəli qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq quruluşçu rejissoru və ssenari müəllifi Sirac Mustafayev olan “Seyid Əzim Şirvani. Ustadi-Əzəm” bədii-sənədli filmi çəkilmişdir. Filmdə Seyid Əzim Şirvani rolunu əməkdar artist Bəhruz Vaqifoğlu, Cabbarı Elşən Şıxəliyev, Mirzə Məhəmmədi Ramil Zeynalov, tələbə Tərlan rolunu isə Rəvan Qaçayev canlandırıb.
Filmdə klassik poeziyamızın görkəmli siması, təhsil və ictimai fikir tariximizdə orta əsr köhnəliyindən yeni dövrə körpü atmış maarifçilərdən biri olan böyük şairin 53 illik ömrünün bir neçə anı təsvir olunub.
Heydər Əliyev Mərkəzində keçirilən filmin nümayişini rayon ictimaiyyəti ilə yanaşı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da izləyib.
Sevinc Qasımova


