Uşaqların və gənclərin yabançı ünsürlərdən, yad təsirlərdən, ideoloji təxribatlardan qorunması zərurətdən doğan məsələdir

                              Bu günün şagirdi sabahın alimidir

-Gələcək… Dünyamıza gələcək olan hər şey, bütün nəsnələr yeniliyin, gələcək günlərin təməlidir. Və bu yeniliyin, bu təməlin bünövrəsi bu gündən qoyulur. Yaxşı əməllərin sahibi olmaq, yaxşı işlərin görülməsi, yaxşı insanların yetişdirilməsi… Qiyabi olaraq bütün bunlar ümumilikdə parlaq gələcəyə doğru atılan möhkəm bünövrədir. Bu bünövrənin icraatçıları ayrı-ayrılıqda müasir dövrün insanları- mövcud cəmiyyət və təhsil sistemidir. Gələcəyimiz isə dünyamıza gələn və ardıcıllığı təmin edən uşaqlar, yeniyetmələr, gənclərdir. Gələcək nəslə milli-mənəvi dəyərlərin aşılanması, habelə, onların  sağlam, vətənpərvərlik ruhunda böyüməsi üçün ilk öncə evdə valideynlərin, məktəbdə müəllimlərin, cəmiyyətdə isə Vətəndaş Cəmiyyəti İnstitutlarının üzərinə böyük iş düşür. Onların qorunması, kamil insan, nümunəvi vətəndaş olaraq yetişdirilməsi bir növ mənəvi borcdur. Bu mənəvi borcun öhdəsindən layiqincə gəlmək isə böyük və qarşılıqlı əmək tələb edir. Gələcəyimizi əmin əllərə tapşırmaq üçün hər kəs öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Çünki ayrı-ayrılıqda hər bir fərd ümumilikdə mövcud cəmiyyətin güzgüsüdür.Və bu fərdlərin yetişməsində, formalaşmasında cəmiyyət özünün töhfəsini verməlidir.Vətənimizin yerləşdiyi coğrafi məkan bunu bizdən xüsusilə tələb edir. Bədxah qonşularımızın bitib-tükənməyən əsassız iddiaları, tamahkar niyyətləri bizi daima ayıq-sayıq olmağa çağırır. Son iki əsrdə xalqımızın başına gətirilən müsibətləri, qanlı qətliamları, işğalları unutmamalı və unutdurmamalıyıq.

Ali Baş Komandan cənab İlham Əliyevin və onun cəngavər əsgərlərinin nümayiş etdirdikləri qəhrəmanlıq səhifəsi xalqımızın və ölkəmizin tarixində dönüş mərhələsi oldu. Məhz onların sayəsində bu gün xalqımız özünün qürurlu və şərəfli günlərini yaşayır.

2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsinin qəhrəmanları tarix yazdılar. Bu tarix yazan azman cəngavərlər vətən, millət uğrunda canından, qanından keçən igid ərənlər idi. Onlar 30 il müddətində düşmən caynağında inildəyən vətən torpaqlarının harayına yetişən, ölümün gözünə dik baxa bilən qəhrəmanlar idilər. Onlar illərlə həsrətində olduğumuz, yanıb qovulduğumuz vətən torpaqlarını azad etdilər, dövlət sərhəddimizi bərpa etdilər. Dünənimizdə baş verən bu reallıqlar bu gün məktəb partsı arxasında oturan şagirdlərin, tələbələrin inam, güvənc, qürur yeri olmalıdır. Vətən saf duyğulu, vətənsevər gəncliyə güvənir.

…Bizim gələcək üçün hədəflərimiz var. O hədəflərə çatmaq üçün bizə müasir dövrümüzün uşaqları, gəncləri dəstək olacaqdır. Uşaqlarımızın, gənclərimizin zərərli təsirlərdən qorunması üçün ardıcıl və davamlı təbliğatın aparılması olduqca zəruridir. Uşaqlarda, gənclərdə elmə, biliyə maraq və sevgi oyatmaq, onları özünə inamlı ruhda şəxs olaraq yetişdirmə prosesi ailədə başlayır, məktəbdə davam etdirilir və onları əhatə edən cəmiyyətdə isə formalaşır.

Məlumdur ki, övladlarımız milli-mənəvi dəyərlərimizi mənimsəmək bacarıqlarını aşağı yaşlardan etibarən mənimsəməlidirlər. Biz bu gündən başlayaraq şagirdlərimizə, tələbələrimizə xalqımızın keçdiyi tarixi yolu anlatmaq, onlara adət-ənənələrimizdən bəhs etməli, milli dəyərlərimizi aşılamalıyıq. Bu günkü gənclik özünün keçmiş tarixi, ata-babaları ilə fəxr etməlidir. Onları xaricdən gözlənilən zərərli və təhlükəli təsirlərdən qorumalıyıq. Formalaşmaqda olan gənc nəsli xarici təsirlərdən mühafizə etməliyik. Bu gün parta artasında oturan şagird sabahın müxtəlif sahədə çalışan qurucularıdır, alimləridir, yazıçı və şairləridir, məmurlarıdır, xarüqələr yaradacaq ustalarıdır. Bu gün bu gənc nəsil axtarmağa, həllini tapmağa çalışdığı məsələlərin öhdəsindən gəlmək üçün internetə üz tututr. Danılmaz faktdır ki, bu günkü gənclik internetin fəal istifadəçisidir. 

Təbii ki, beynəlxalq aləmdə cərəyan edən hadisələr, icad olunan yeniliklər, innovasiyalar, startaplar təbii ki, şagirdləri, tələbələri maraqlandırır. Qarşıya qoyduqları məqsədlərin həlli üçün şagirdlərin, tələbələrin həll etməyə çalışdıqları məsələlər onları internetə-müxtəlif sosial şəbəkələrdə axtarış etməyə sövq edir. Bu axtarış matorlarında isə faydalı məlumatlarla yanaşı zərərli və ziyanlı məlumatlar da yer almaqdadır. Maraq ardınca bu naməlum obyektlərə daxil olan uşaqlarda, gənclərdə qeyri-müəyyən fikirlər formalaşır və bu fikirlər onlarda çaşqınlıq yaradır. Ən təhlükəlisi də odur ki, bəzən yetişməkdə olan gənc nəsli nümayəndələri bu əks mənfi təsirlərin altına düşür.

Qeyd etməliyik ki, internetə, müxtəlif sosial şəbəkələrə daxil olan uşaqlara, gənclərə  məktəbdə müəllimlər, evdə valideynlər tərəfindən müntəzəm nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu, öz yerində, amma bununla yanaşı onları faydalı, lazımlı, əhəmiyyətli və təhlükəsiz  istiqamətlərə də yönləndirmək lazımdır. Təyinatı üzrə yönləndirmək nəzarət mexanizmindən daha vacibdir. Çünki ardıcıl və yorucu nəzarət sistemi uşaqları, gəncləri bezdirir. Amma şagirdinin maraq dairəsini bilən müəllim, uşağının hansı səmtə maraq göstərdiyini anlayan valideyn ən yaxın köməkçi, dəstəkçi obrazında dəyərli məsləhətlərini verməli, onları yönləndirməlidirlər. Bu təyinatı üzrə bacarıq və vərdişlər gəncləri doğru istiqamətə doğru götürər, onları qorumaqla yanaşı, həmçinin onların müəyyən istiqamət üzrə planlı şəkildə təlimatlanmasına və faydalanmasına şərait yaradar.

Ölkəmiz əleyhinə fəaliyyət göstərən zərərli ideoloji cərəyanların qarşısının alınması, gənclərin yad və zərərli ideologiyalardan qorunması da diqqət mərkəzində saxlanılmalıdır. Günümüzün aktual problemlərindən biri olaraq aydın məqsədlərimiz uğrunda qarşımızı kəsməyə çalışan məsələlərdən biri də dini radikal qruplara qarşı mübarizədir.  

Yeri gəlmişkən qeyd edək ki, dini radikalizm bu gün dövrümüzün ən aktual problemlərdən biridir və din pərdəsi altında bəd niyyətli qaragüruh qüvvələr tərəfindən gənclərimizi, gələcəyimizi zəhərləmək, zərər vermək, təsir altına salmaq üçün hər cür çirkin vasitələrə əl atılır.

Bildiyimiz kimi ideoloji baxımdan incə və həssas nöqtə sayılan dini məncubiyyət, təfriqəçilik insanları, xüsusilə gəncləri yolundan, məsləkindən döndərmək üçün sınanmış vasitələrdəndir. İnanclı insanların ən incə duyğularından çirkin məqsədlərini reallaşdırmağa çalışan xarici qüvvələr durmaq bilmirlər. Xaricdən maliyyələşən bu qüvvələr daima fəaliyyətdədirlər. Məhz buna görə də uşaqların, gənclərin dini biliklərin internetdən əxa edilməsinə, öyrənilməsinə icazə verilməməlidir. Çünki pak mənəviyyata malik olan bu günkü gənclik asanlıqla maskalanmış mənfur qüvvələrin toruna asanlıqla düşmüş olur. Ona görə də müəllim və valideynlər bu məsələdə aktivlik nümayiş etdirməli, onlara düzgün yol göstərməli və özlərinin dəyərli məsləhətlərini verməlidirlər.

İnternet məkanını özünün təbliğat arenasına çevirən radikal qruplara nəzarət, habelə, təbliğat və təşviqat  müntəzəm şəkildə həyata keçirilməlidir.

 Aydın məsələdir ki, internet resurslarından öz çirkin məqsədləri üçün istifadə edən zərərli və zəhərli qüvvələrin məqsədləri ölkəmizdə dinc quruculuq işlərinə zərbə vurmaq, birliyimizi, bərabərliyimizi pozmaqdır. Təbii ki, bu mənfur qüvvələrə qarşı təkcə dövlət deyil, bütünlükdə bütün ölkə vətəndaşları mübarizə aparmalıdır. Bu zəhərli tikanların məqsədlərinin reallaşmasına imkan verilməməlidir.

Digər qüvvələr isə demokratiya adı altında bizim coğrafi məkana soxulur, virtual aləm vasitəsi ilə, müxtəlif bəzəkli, içi boş, yalançı vədlərlə, şər-böhtanla uşaqların, gənclərin beyinlərini zəhərləməyə çalışırlar. Bu qüvvələrə qarşı təkcə dövlətin, aidiyyəti qurumların deyil, o cümlədən, vətəndaş cəmiyyətinin, ümumiyyətlə, hər bir fərdin bu məsələyə münasibətdə sayıqlıq və həmrəylik nümayiş etdirməsi xüsusilə vacibdir. Necə deyərlər, sağlam ruhlu gənclik sağlam gələcək deməkdir. Məqsədimiz, amalımız yalnız bu yolda durmadan-dayanmadan çalışmaq olmalıdır.

Ağasəf İMRAN, iqtisad elmləri namizədi, dosent

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaq və gənclərin zərərli təsirlərdən qorunması” adlı layihəsi çərçivəsində çap olunur.

Bizimlə oxuyun
Verified by MonsterInsights