Uşaqlar bizə deyil, bizdə gördüklərinə çevrilir

Övladlarımız dünyaya gəldiyi andan etibarən bizi izləyir, bizi dinləyir, bizdən öyrənir. Onlar sözlərimizdən çox davranışlarımızı mənimsəyir, etdiklərimizi etməyə çalışır, bizim yaşadıqlarımızı yaşayaraq formalaşırlar. Bu səbəbdən də onların tərbiyəsində əsas rol oynayan məqam, nə qədər nəsihət verdiyimiz deyil, necə bir insan olduğumuzdur.

Valideyn olaraq övladlarımıza nə qədər sevgi, anlayış və hörmətlə yanaşırıqsa, onlar da gələcəkdə cəmiyyətə eyni dəyərlərlə yanaşacaqlar. Əgər bir uşaq daim danlanır, təhqir olunur, etinasız davranılırsa, bu, onun şəxsiyyətinə hopacaq və o, həm özünə, həm də başqalarına eyni münasibəti göstərəcək. Əksinə, anlayışla böyüdülən bir uşaq, qarşısındakına da anlayışla yanaşmağı öyrənəcək. Uşaqlarımızla necə danışırıqsa, onlar da zamanla eyni danışıq tərzini mənimsəyəcək, bizim onlara dediyimiz hər söz, bizim əksimiz olaraq geri dönəcək. Bu gün övladımıza səbrsizliklə, əsəbi şəkildə cavab veririk, sabah bizə eyni şəkildə münasibət göstərdikdə narahat oluruq. Halbuki bu, bizim əlimizlə yetişdirdiyimiz bir cavabdır.

Övladlarımız bizim onlar haqqında nə düşündüyümüzü hiss edir və o düşüncəni öz kimliklərinə çevirirlər. Onları daim tənqid edir, bacarıqsız və yaramaz olaraq təqdim ediriksə, onlar da özlərini o cür görəcək və bu imicdən kənara çıxa bilməyəcəklər. Lakin onlara güvənir, onları sevgi ilə dəyərləndiririksə, özlərini dəyərli hiss edəcək və cəmiyyətə də dəyər verəcək fərdlər olaraq yetişəcəklər. Valideynlik yalnız öyrətmək deyil, yaşamaq və yaşatmaqdır. Uşaqlar valideynlərinin yaşadıqlarını izləyir və onları nümunə götürür. Sözlə deyil, davranışla tərbiyə olunur insan. Kitab oxuyan valideynin uşağı da kitaba meyilli olacaq, bağışlamağı bilən ata-anadan mərhəmətli uşaq yetişəcək, dürüstlük göstərən ailədə uşaq da doğruluğa sadiq qalacaq.

Əgər biz mehriban, anlayışlı, məsuliyyətli və dürüst övladlar yetişdirmək istəyiriksə, ilk növbədə bu xüsusiyyətləri öz həyatımıza daxil etməliyik. Çünki övladlarımız bizim nə dediyimizi deyil, necə yaşadığımızı yadda saxlayır. Onlar bizim sözlərimizdən çox, gündəlik həyatımızda göstərdiyimiz münasibət və davranışları təqlid edirlər.

Unutmayaq: Uşaq tərbiyəsi uzun bir yoldur və bu yolda ən güclü silahımız öz nümunəmizdir. Necə bir övlad arzulayırıqsa, o cür bir valideyn olmağa çalışaq. Çünki uşaqlar bizə deyil, bizdə gördüklərinə çevrilir.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights