ELAZ.İNFO xəbər verir ki, Avropa Komissiyası ifrat sağçı İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etmək və İsraillə ticarəti dayandırmaq üçün tədbirlər təklif edəcəyini və bunun ardınca bir sıra qadağalar tətbiq edəcəyini açıqlayıb.
Hollandiya İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir və ifrat sağçı Maliyyə Naziri Bezalel Smotrich-i “persona non-qrata” elan edib və bu gündən etibarən Şengen zonasındakı 29 ölkəyə girişini qadağan edib.
İspaniya həmçinin “Qəzzada soyqırım, insan hüquqlarının pozulması və müharibə cinayətlərində bilavasitə əli olan bütün şəxslərin İspaniya ərazisinə girişini qadağan etmək” qərarı çərçivəsində Ben-Qvir və Smotriçin ölkəyə girişini qadağan edib.
Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen tərəfindən Avropa Parlamentində elan edilən təklif İsrailin Qəzzada müharibəsi ilə bağlı artan tənqidi və AB-nin hərəkətə keçməsi üçün artan təzyiqi əks etdirir.
Təkliflər Aİ üzv dövlətlərinin əksəriyyətinin dəstəyini almalıdır. Bununla belə, ölkələr İsraillə münasibətlərində fikir ayrılığına malikdir. Von der Leyen bu təklifin həm də siyasi mesaj olacağını söyləyib.
Von der Leyen, “Qəzzada baş verənlər dünyanın vicdanını sarsıtdı” deyib və əlavə edib ki, “Biz ekstremist nazirlərə və zorakı məskunlaşanlara qarşı sanksiyalar təklif edəcəyik. Ticarətlə bağlı məsələlərdə Assosiasiya Sazişinin qismən dayandırılmasını da təklif edəcəyik”.
Öz növbəsində İsrailin xarici işlər naziri Gideon Saar Von der Leyenin açıqlamalarına cavab verib. Saar bu açıqlamaları “bədbəxt” adlandırıb və Von der Leyenin İsrailin humanitar səylərindən xəbərdar olduğunu və Qəzzada yaşanan iztirabların səbəbinin Həmas olduğunu iddia edib.
Saar sosial mediada yazıb:
-“Komissiya sədri İsrail-Avropa münasibətlərini pozmağa çalışan ünsürlərin təzyiqinə boyun əyərək səhv edir”.
Məlumat üçün bildirək ki, Avropa İttifaqı İsrailin ən böyük ticarət tərəfdaşıdır və Aİ-nin məlumatına görə, iki ölkə arasında mal ticarəti keçən il 42,6 milyard avro təşkil edib.
İsraillə münasibətləri tənzimləyən Assosiasiya Sazişinin bütün ticarət hissəsinin dayandırılması Aİ-yə daxil olan İsrail məhsullarına verilən ticarət imtiyazlarının geri götürülməsinə gətirib çıxaracaq.
İlahə BAYINDIR