ELAZ.İNFO xəbər verir ki, 25 sentyabr Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Sərdar Səfərovun şəhidlik zirvəsinə ucaldığı gündür.
Allah bütün Şəhidlərimizə rəhmət etsin!
Məlumat üçün bildirək ki, Sərdar Mədəd oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır. 1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində “QAZ-53” markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu. Kəlbəcər rayonunda dəfn edilmişdir.
Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.
Əli İBRAHİMOV