Prezident İlham Əliyevin “Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır!” tapşırığının icrası istiqamətində UNEC növbəti böyük uğura imza atdı.
2026-cı il üçün Times Higher Education (THE) Dünya Universitetləri Reytinqinin nəticələrinə əsasən, UNEC ilk dəfə olaraq dünyanın ən yaxşı 1000 universiteti sırasında yer aldı.
Azərbaycanğ Dövlət İqtisad Universiteti (UNEC) THE dünya universitetlər reytinqinə ilk dəfə daxil olaraq, Azərbaycanda və Cənubi Qafqazda birinci, dünyada isə 801–1000-ci yer aralığında qərarlaşıb. Daha da qürurverici məqam odur ki, tədqiqat keyfiyyətinə görə UNEC dünyada 481-ci yeri tutub.
Bu nəticə UNEC-i dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olan yeganə Azərbaycan ali təhsil müəssisəsinə çevirib.
Əldə edilən nailiyyət Prezident İlham Əliyevin strateji baxışına, təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlara və elmi mühitin yüksəldilməsinə yönəlmiş siyasətin bəhrəsidir. UNEC-in THE reytinqinə daxil olması, Azərbaycan ali təhsil sisteminin beynəlxalq elmi məkanında öz layiqli yerini tutduğunu təsdiqləyir.
Bu uğurun qazanılmasında rektoru, professor Ədalət Muradovun məqsədyönlü və səmərəli rəhbərliyi, eləcə də universitetin rəhbər heyətinin, professor-müəllim heyətinin, tələbə və məzunlarının fədakar əməyi mühüm rol oynayıb. Tədqiqat yönümlü tədris, beynəlxalq əməkdaşlıqlar, rəqəmsallaşma və akademik keyfiyyətin artırılması istiqamətində ardıcıl həyata keçirilən islahatlar UNEC-i bu səviyyəyə yüksəldib.
UNEC ailəsinin bütün üzvlərini – rektor və universitet rəhbərliyini, professor-müəllim heyətini, tələbələri, məzunları və tərəfdaşları təbrik edirəm.
Əldə edilən nəticə təkcə UNEC-in deyil, bütövlükdə Azərbaycan təhsil ictimaiyyətinin uğurudur və ölkəmizin elm sahəsində artan beynəlxalq nüfuzunun göstəricisidir.
Uğurlar, UNEC!
Əliməmməd NURİYEV
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti