Elə insanlar var ki, həyatın sükutunda cavab axtarır, amma tapdığı yalnız daha dərin bir sükut olur… Onlar düşünür, suallar verirlər, cavab almağa çalışırlar, lakin o cavab çox vaxt səssizliyin içində itib gedir. Hər dəfə bir ümidlə qapı döyürlər, amma qapı ya açılmır, ya da içəridən gələn səs “burada heç kim yoxdur” deyir. Və bu səs onları bir az da içlərinə çəkir, bir az da ümidlərini soldurur. İnsan bəzən başa düşmür ki, cavabsızlıq özü də bir cavabdır, hələ yetişməmiş bir hikmətin xəbərçisidir. Amma çoxları bu səssiz cavabı “ümidsizlik” kimi anlayır, “dağılmaq” kimi qəbul edir. Halbuki dağıntını görmək, bərpa etməyə çağırışdır, yoxsa oturub ağlamaq üçün deyil.
Əgər insan vəbanın həkimi də xəstələndiyini görürsə, bu zaman qərar verməlidir: “Deməli, mən həkim olmalıyam.” Çünki hər xəstəlik bir müalicə istəyir, hər böhran bir dirəniş tələb edir. İnsanı ucaldan da, məhz bu dirənişin içində gizlənən iradədir. Lakin çoxları fikirləşməyin özünü bir təhlükə kimi görür. Düşünmək, şübhə doğurur, şübhə isə rahatlığı pozur. Ona görə də bir çoxları rahatlığı seçir, azadlığı yox. Rahatlıq isə ruhun zindanıdır. Ruh yalnız ağrıyla, sualla, mübarizə ilə böyüyür.
Düşüncə düzgün başlanmasa, meyvə verməz. Əgər versə də, o meyvə anbarlıq olar, ruhu bəsləməz, yalnız görünüşü bəzəyər. Çünki düşüncə azad olmadıqca, onun nəticəsi də ölü doğulur. Azad olmayan düşüncə, yalnız təkrardır, başqasının dediyini demək, başqasının hiss etdiyini hiss etmək.
Azad düşüncə insanın öz iç səsini dinləməsidir. O səs eqodan gəlməz, qorxudan doğmaz, təqliddən qidalanmaz. O səs, içdəki “mən”in deyil, içdəki “həqiqətin” səsidir.
Anlayanlar bilir, mərifətə aparan yol, yalnız o səsin ardınca gedənlər üçün açılır. O yol, sükutla başlayır, suallarla dərinləşir, əzabla təmizlənir və həqiqətlə tamamlanır.
Bəli… həyat hər zaman cavab vermir. Amma bəzən ən böyük cavab susmamaqdır. Çünki hər kəs dağıntı görəndə qaçır, amma az adam var ki, dağılmış yerə bir ağac əkir.
O ağac, ümidin adıdır.
Və o ümid böyüdükcə, insan da böyüyür…
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil
