ELAZ.İNFO xəbər verir ki, Ukrayna Rusiyanı Krım yarımadası ilə birləşdirən Kerç körpüsünə suyun altına yerləşdirilən partlayıcılarla hücum edildiyini açıqlayıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.
SBU-nun Telegram hesabında “yeni və unikal xüsusi əməliyyat” həyata keçirildiyi, Krım körpüsünün (Kerç) üçüncü dəfə hədəf alındığı və bu dəfə hücumun su altında həyata keçirildiyi vurğulanıb.
Körpünün dayaqlarına partlayıcıların yerləşdirildiyi və ilk partlayışın bu gün səhər saat 04:44-də baş verdiyi bildirilib.
CNN İnternational-da yer alan xəbərə görə, körpünü dəstəkləyən sualtı dirəklərə 1100 kiloqram partlayıcının yerləşdirildiyi və bu partlayışın “ciddi konstruksiyaya ziyan vurduğu” açıqlanıb.
Moskva Ukraynanın bu hücumla bağlı iddiasına dərhal cavab verməyib. Lakin səhər tezdən körpünün rəsmi operatorunun Telegram hesabında edilən açıqlamada körpüdə hərəkətin müvəqqəti olaraq dayandırıldığı açıqlanıb. Bildirilib ki, yerli vaxtla saat 09:00-dan etibarən nəqliyyatın hərəkəti normallaşıb.
Günel GÜNTAC