Ukrayna üzrə üçtərəfli görüş təxirə salındı: Yeni tarix məlumdur

Ukrayna böhranının nizamlanması istiqamətində beynəlxalq səviyyədə gözlənilən mühüm diplomatik təmaslarda dəyişiklik baş verib. Moskva, Vaşinqton və Kiyevin iştirakı ilə keçirilməsi planlaşdırılan növbəti üçtərəfli görüşün vaxtı dəyişdirilib.

ELAZ.İNFO xəbər verir ki, məlumata görə, tərəflər arasında danışıqların mart ayının əvvəlinə keçirilməsi qərara alınıb. Hazırda görüşün keçiriləcəyi konkret məkanın müəyyənləşdirilməsi istiqamətində intensiv koordinasiya işləri aparılır.

Xatırladaq ki, bundan əvvəl üçtərəfli müzakirələrin fevralın 26-da Cenevrədə bərpa oluna biləcəyi ehtimal edilirdi. Lakin tərəflərin gündəlikdəki məsələləri daha əhatəli müzakirə etmək və texniki detalları tamamlamaq məqsədilə görüşü bir neçə gün sonraya sürüşdürdükləri bildirilir.

Beynəlxalq siyasi şərhçilər bu görüşü münaqişənin həlli yolunda “kritik mərhələ” kimi qiymətləndirirlər. Rusiya tərəfi danışıqlar prosesinin davam etdirilməsinə ümidvar olduğunu bildirsə də, Avropanın bəzi diplomatik dairələrində prosesə yanaşmanın fərqli olduğu qeyd edilir. Martın ilk günlərində baş tutacaq bu görüşün regionda gərginliyin azaldılmasına və sülhə doğru real addımların atılmasına vəsilə olub-olmayacağı dünyanın diqqət mərkəzindədir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights