Ukrayna NATO-ya daxil olmaq istəyindən əl çəkəcək? Neytral statusunu saxlayacaq?

ELAZ.İNFO xəbər verir ki, 2007-ci ildən Rusiya NATO-dan tələb edirdi ki, Ukrayna ərazisinə girməsin. Ukraynadan da tələb edirdi ki, NATO-ya daxil olmaq istəyindən əl çəksin, neytral statusunu saxlasın.

Rusiyanın tələbinə Qərb cavab verdi ki, biz NATO-nun qapılarını açıq qoymuşuq, Ukrayna isə suveren dövlətdir, alyansa qoşulmaq, ya qoşulmamaq barədə qərarı müstəqil şəkildə verir.

2008-ci il Buxarest sammitində NATO Ukrayna və Gürcüstanın alyansa qəbul olunması barədə proqram qəbul etdi. Ukrayna isə 2018-ci ildə müstəqillik bəyannaməsinin şərtlərini pozaraq, referendum keçirtmədən Konstitusiyasında dəyişiklik etdi: neytrallıq statusu barədə maddəni çıxartdı və məqsədinin Aİ-yə və NATO-ya qəbul olunmaq olduğu barədə maddə daxil etdi.

Dinc şəraitdə axırıncı dəfə Rusiya tələbini rəsmi şəkildə 2021-ci ilin dekabrında ABŞ-a, NATO-ya və Aİ-yə təqdim etdi. Sənəddə Rusiya NATO-nun onun sərhələrinə yaxınlaşmasını təhlükəsizliyi üçün kritik təhdid kimi qiymətləndirir və bu məsələləri müzakirə etmək üçün təcili danışıqlara başlamağı tələb edirdi. Əks halda, təhlükəsizliyini təmin etmək üçün birtərəfli qaydada tədbirlər görəcəyini bəyan edirdi. Hər 3 adresat ona mənfi cavab verdi və bu məsələnin danışıqlar mövzusu olmadığını bildirdi.

2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya hərbi müdaxilə etdi. Artıq həmin vaxtdan 4 ilə yaxın vaxt keçib. Bu müddət ərzində NATO dəfələrlə bəyan etdi ki, Ukrayna alyans üzvü olacaq, Ukraynaya bütün mümkün köməyi etdi, lakin planları alt-üst oldu…

İndi NATO-nun şefi ABŞ deyir ki, Ukraynanı NATO-ya qəbul edə bilmərik, buna ümid etməsin. Zelenski dirəşmişdi ki, qəbul etməlisiniz, siz axı söz vermişdiniz və s. və i.a.

İndi sual olunur; niyə Ukrayna 4 il ərzində əhalisinə bu qədər məşəqqətlər yaşatdı? Niyə yüz minlərlə qurban verdi? Niyə milyondan çox əlil qazandı? Niyə ölkə əhalisi dünyaya pərən-pərən səpələndi? Niyə genefonduna sağalmaz yara vurdu? Niyə ölkə viran qaldı? Niyə torpaqlarını itirdi? Niyə iqtisadiyyatını çıxılmaz “dərəyə” saldı?

Niyə?! Axı neytral statusunu saxlasaydı, bütün bunlar olmayacaqdı. 4 il sonra yenə neytral statusuna qayıdır, amma artıq könüllü yox, məcburi və bu qədər itkilərdən sonra.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights