ELAZ.İNFO xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) hərbi təyyarələrə qarşı diversiya hazırlayan Vladimir vilayətinin 35 yaşlı sakinini həbs edib. İstintaq məlumatına görə, saxlanılan şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) tapşırıqları əsasında fəaliyyət göstərib.
Saxlanılan şəxs “WhatsApp” messenceri vasitəsilə SBU agenti ilə əlaqə yaradaraq Rusiya Aerokosmik Qüvvələrinin texnikasını partlatmağı planlaşdırıb. Ukrayna tərəfi Moskva və Kaluqa vilayətlərinə pilotsuz uçuş aparatları (PUA), partlayıcı maddələr və xüsusi avadanlıqların çatdırılmasını təşkil edib. Şübhəli şəxs Vladimir, İvanovo və Moskva vilayətlərindəki hərbi aerodromların ətrafında dəfələrlə kəşfiyyat aparıb. FSB-nin İvanovo vilayətində keçirdiyi əməliyyat zamanı şübhəlinin mənzilindən diversiya üçün nəzərdə tutulan aşağıdakı əşyalar aşkar edilib:
Hazır vəziyyətdə olan FPV-dronlar və onlara aid ehtiyat hissələri; Portativ videokameralar və gücləndirici antenalar; Partlayıcı maddələr və sınaq üçün yığılmış partlayıcı qurğular; Əməliyyatın idarə olunduğu noutbuk və xüsusi rabitə vasitələri. Faktla bağlı Vladimir vilayətinin FSB idarəsi tərəfindən bir neçə ağır maddə, o cümlədən “Dövlətə xəyanət”, “Diversiya birliyində iştirak” və “Partlayıcı maddələrin qanunsuz saxlanılması” üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi ömürlük həbs cəzası gözləyə bilər.
Ruslan MƏMMƏDOV