Putin Rusiyasının Azərbaycana qarşı məkrli addımları Türküstan dövlətlərinə də ibrət olmalıdır…
Ötən ilin dekabrından (Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulmasından) sonrakı dönəmdə Kremlin Azərbaycana qarşı sərgilədiyi imperiya davranışlarından, şovinist siyasətindən Mərkəzi Asiyanın (Türküstan) türk dövlətləri də öz hesablarını götürməli, Moskvanın nə vaxtsa onlara qarşı da eyni hərəkətlərə yol verə biləcəyini öncədən görməlidirlər.
Lakin əfsuslar olsun ki, Türküstan dövlətlərindən bu həssasiyəti və narahatlığı görmürük. Kreml Qazaxıstana qarşı daim bu və ya digər formalarda təzyiqlər göstərir və rusiyalı deputatlar, ekspertlər tərəfindən tez-tez Qazaxıstanın ərazi bütövlüyünə, suverenliyinə qarşı təhdid dolu fikirlər səsləndirilir, lakin rəsmi Astana isə Rusiyaya qarşı yumşaq, loyal siyasətini davam etdirir. Özbək və qırğız miqrantlar Rusiyada döyülür, təhqir olunur. Lakin bütün bunlar bir müddətdən sonra unudulur və hər şey yenidən köhnə qayda ilə davam edir.
Və üstəlik də, Özbəkistan Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirir. Hazırda Rusiyanın 201-ci hərbi bazasının əsgərlərinin və zirehli texnikalarının “Hamkorlik-2025” (Həmkarlıq-2025) hərbi təlimlərində iştirak etmək üçün Özbəkistana gəlməsi də bu acı həqiqəti təsdiqləyir.
Dünya düzəninin yenidən formalaşmaqda olduğu hazırkı kritik və qarışıq məqamda Rusiya kimi təcavüzkar dövlətlə hərbi müdafiə sahəsində əməkdaşlıq, müttəfiqlik etmək hansı ağlın, hansı məntiqin diktəsidir?
Müdafiə sahəsində əməkdaşlığı Rusiya ilə yox, məhz Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində genişləndirmək daha düzgün olmazdımı?
Bəybala MİRZƏYEV