Türkiyənin hərbi gücü bütün Türk dünyasının hərbi gücü deməkdir

Bizim də öz NATO-muz olmalıdır…

Dünyanın ən böyük 100 silah şirkətinin adlarının yer aldığı nüfuzlu “Defence News Top 100” reytinqinin göstəriciləri bu dəfə bütün diqqətləri Türkiyənin hərbi-sənaye nəhənglərinə yönəldib.

Belə ki, dünyanın 100 ən böyük, aparıcı silah istehsalçıları olan şirkətlərinin arasında 5 türk şirkəti də var.

Söhbət 3 milyard 541 milyon dollar gəlirlə reytinqdə 14-cü yeri tutan ASELSAN şirkətindən, 15-ci yeri tutan TUSAŞ, 24-cü yeri tutan “Roketsan”, 26-cı yeri tutan ASFAT və nəhayət, 27-ci yerdə qərarlaşan “Makine ve Kimya Endüstrisi” şirkətindən gedir.

Nəticələr onu deməyə əsas verir ki, türk hərbi sənaye urumları Avropa və dünya silah bazarındakı mövqelərini sürətlə gücləndirməyə davam edirlər.

Türkiyənin hərbi gücü bütün Türk dünyasının hərbi gücü deməkdir.

Çinin əzəmətli hərbi parad keçirməklə özünü dünyaya yeni hərbi güc mərkəzi kimi təqdim etməsindən, ABŞ-a və Qərbə meydan oxumasından sonra Türkiyə, Azərbaycan və Qazaxıstan başda olmaqla Türk Dövlətləri Təşkilatının (TDT) da alternativ hərbi güc mərkəzi formalaşdırmaq barədə düşünməsi zərurətə çevrilir.

Nə NATO, nə KTMT, nədəki Çinin ŞƏT və BRİCS çətiri altında formalaşdırmağa çalışdığı yeni iqtisadi-hərbi cinah Türk dünyasının etibarlı müdafiə və güvənc yeri deyil. Biz yalnız öz vahid hərbi gücümüzə tam şəkildə arxalana bilərik.

Başqa sözlə desək, bizim də öz NATO-muz olmalıdır.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights